Bakı. Trend:
"Turkish Airlines" aviaşirkətinin "Tk 54" reysini həyata keçirən təyyarə Atatürk hava limanından saat 02:40-da havaya qalxıb.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, saat 02:40-da havaya qalxan İstanbul-Sinqapur reysini həyata keçirən sərnişin təyyarəsi hava limanının tarixində sonuncu olub.
Belə ki, “Türk Hava Yolları” dünyanın ən böyük hava limanı layihəsi olan İstanbul hava limanına köçməyə başlayıb.
Köçün ilk mərhələsi ötən ilin oktyabr ayında baş tutub. Bu gün saat 03.00-dan etibarən isə köçün əsas mərhələsi həyata keçirilir.
Böyük köçürmə prosesinin 38%-i ötən gün 6 saatdan sonra uğurla Atatürk hava limanından İstanbul hava limanına köçürülüb.
Aviasiya tarixində unikal hadisə olan bu köçürülmə əməliyyatı ümumilikdə 45 saat davam edəcək və aprel ayının 6-sı, şənbə günü, saat 23.59-da sona yetəcək. Əməliyyatın öncədən planlaşdırıldığı kimi həyata keçirilməsi üçün Atatürk və İstanbul hava limanları aprel ayının 6-ı 14.00-a qədər bütün sərnişin reysləri üçün bağlanacaq. Köçürülmə prosesi çərçivəsində İstanbul hava limanında əməliyyatlar 6 aprel saat 14.00-da başlayacaq. “Böyük köç” zamanı ilk reys İstanbul hava limanı ilə Ankaranın Esenboğa hava limanı arasında yerinə yetiriləcək. “Türk Hava Yolları”nın İstanbul hava limanından olan növbəti uçuşları plana uyğun olaraq tədricən artırılacaq.