Bakı. Trend:
ABŞ-ın Nyu-Meksiko ştatında aktyor Alek Bolduinin çəkildiyi "Pas" ("Rust") filminin çəkilişi zamanı yanlışlıqla odlu silahdan atəş açılıb.
Trend-in "TMZ" portalına istinadən verdiyi məlumata görə, A.Bolduin boş patronla atəş açmalı idi, lakin çəkiliş zamanı güllə və ya qəlpə yaxınlıqdakı iki nəfəri yaralayıb.
Məlumata əsasən, yaralananlar filmin rejissoru 48 yaşlı Coel Souz və operatoru 42 yaşlı Qalina Hatçinsdir. Rejissor yüngül yaralansada, operatorun sanitar aviasiya ilə xəstəxanaya çatdırıldığı deyilir. Həkimlərin səylərinə baxmayaraq operatoru xilas etmək mümkün olmayıb.
Aktoyr A.Bolduinin xəsarət almadığı qeyd edilir.
İnsidentlə bağlı araşdırma aparılır, filmin çəkilişləri dayandırılıb.