Bakı. Trend:
Türkiyə Xarici İşlər Nazirliyi Bağdadda etirazlar zamanı baş verən zorakılıqdan narahatlığını ifadə edib.
Trend xəbər verir ki, bu barədə XİN-in bəyanatında deyilir.
"Bağdaddakı hadisələr ölkənin sabitliyinə, birliyinə və təhlükəsizliyinə təhlükəyə çevrilib. Dost və qardaş İraqın sabitliyi və təhlükəsizliyi Türkiyə üçün həyati əhəmiyyət kəsb edir. Bu baxımdan biz bütün ölkəyə yayılan zorakılıqlardan narahatıq", - deyə bəyanatda bildirilir.
Xarici İşlər Nazirliyi Bağdaddakı münaqişə tərəflərini sağlam düşüncə və təmkinli olmağa çağırıb.
"Ümid edirik ki, mövcud siyasi münaqişələr sülh yolu ilə və inklüziv dialoq yolu ilə həll olunacaq, İraq xalqının sülhü və rifahı təmin olunacaq", - deyə bəyanatda qeyd edilir.