Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb.
Trend Türkiyə KİV-nə istinadən xəbər verir ki, telefon danışığı zamanı prezidentlər Ukraynadakı müharibəni müzakirə ediblər.
Ərdoğan Kaxovka su elektrik stansiyasının (SES) bəndində baş verən partlayışla bağlı qərəzsiz tədqiqat aparılmasının vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, rəsmi Ankara Rusiya və Ukraynadan, eləcə də beynəlxalq ictimaiyyətdən, o cümlədən BMT və Türkiyədən ekspertlərin daxil ola biləcəyi komissiyanın yaradılmasına töhfə verməyə hazırdır.
Ərdoğan, həmçinin dünya ictimaiyyətinin “taxıl sazişi”nin müddətinin uzadılması məsələsinə xüsusi önəm verdiyini diqqətə çatıdırıb.
Xatırladaq ki, bu gün Türkiyə Prezidenti ukraynalı həmkarı Volodomir Zelenski ilə də telefonda danışıb. O, rəsmi Ankaranın regionda ədalətli sülhün təmin olunması üçün səyləri davam etdirməyə hazır olduğunu vurğulayıb.