Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparacaq.
Trend xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G-20 sammitindən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.
Ərdoğan bildirib ki, rusiyalı həmkarı V.Putin Qərbin ona verdiyi vədlərə əməl etmədiyini deyib.
"O, ilk növbədə 1 milyon ton taxıl göndərəcəyini qeyd edib. Xüsusilə Lavrovla görüşümüzdə Qətər-Türkiyə-Rusiya vasitəsilə yoxsul Afrika ölkələrinə 1 milyon ton taxıl göndərməyi planlaşdırdıq. Əvvəllər 33 milyon ton taxıl daşınmışdı. Biz ən zəif inkişaf etmiş Afrika ölkələrinə taxıl miqdarının artırılmasını təklif etdik. Putinlə bu məsələni yenidən telefonda müzakirə edəcəm", - deyə Ərdoğan əlavə edib.
Xatırladaq ki, Taxıl Dəhlizi Sazişi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb. Saziş çərçivəsində dəhliz vasitəsilə 1 avqust 2022-ci il tarixindən indiyə qədər 1000-dən çox gəmi ilə 33 milyon tona yaxın taxıl daşınıb. Sonuncu dəfə mayın 17-də İstanbulda Türkiyə hakimiyyətinin vasitəçiliyi ilə 60 gün müddətinə uzadılan “Taxıl sazişi”nə iyulun 17-də Rusiya tərəfindən xitam verilib.