Bakı. Trend:
Moldova hakimiyyəti Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına məhdudiyyət qoyub.
Trend-in məlumatına görə, bu barədə qərarı ölkənin Fövqəladə Hallar üzrə Milli Komissiyası verib.
Komissiya öz qərarını daxili bazarın qorunması zərurəti ilə əsaslandırıb. Əvvəllər “Fermerlərin Gücü” assosiasiyasında birləşən Moldova fermerləri Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyulmasını tələb edirdilər. Daha ucuz Ukrayna məhsullarının idxalı onları iflasla təhdid etdiyi üçün fermerlər kütləvi etirazlarla hədələyiblər.
Komissiyanın qərarına əsasən, buğda, qarğıdalı və günəbaxan toxumlarının idxalına yalnız Kənd Təsərrüfatı və Qida Sənayesi Nazirliyi tərəfindən verilən lisenziya əsasında icazə veriləcək. Əkin üçün müəyyən məhsulların idxalına məhdudiyyət tətbiq edilmir.