Bakı. Trend:
ABŞ rəhbərliyi İsveçin NATO-ya üzvlük prosesinin Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsində qəbul edilməsindən məmnun olduğunu və F-16 döyüş təyyarələrinin Ankaraya satışı prosesi üzərində həssaslıqla çalışdığını açıqlayıb.
Trend xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibi Metyu Miller gündəlik mətbuat konfransında İsveçin NATO üzvlüyü və Türkiyənin F-16 təyyarənin satış prosesini qiymətləndirib.
Miller Türkiyə Böyük Millət Məclisinin İsveçlə bağlı qanun layihəsinin Xarici Əlaqələr Komissiyasında qəbul edilməsini müsbət qarşıladıqlarını və layihənin Baş Assambleyada qəbul edilərək imzalanmasını gözlədiklərini bildirib.
Administrasiyanın F-16-ların satışı və İsveçin NATO-ya üzvlüyünü bir-biri ilə əlaqəli məsələlər kimi görmədiyini bildirən ABŞ sözçüsü bu iki məsələni bir-biri ilə bağlı görən Konqres üzvlərinin olduğunu da qeyd edib.
Konqresdə bu mövzuda bəzi problemlərin olduğunu bildirən Miller F-16-lar da daxil olmaqla, iki ölkə ilə bağlı mövzular üzərində həssaslıqla çalışdıqlarını vurğulayıb.