Bakı. Trend:
Ermənistan tərəfinin Zvartnots hava limanındakı Rusiya sərhədçilərinin fəaliyyətini dayandırması ilə bağlı açıqlamaları ölkənin təhlükəsizliyinə imkan yaratmayacaq.
Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinqdə deyib.
Onun sözlərinə görə, Rusiya tərəfi bütün qərarları idarələrarası fəaliyyətin yekunlarına görə qəbul edəcək.
"Sözügedən açıqlama Ermənistan tərəfindən rəsmi İrəvanın bir sıra qeyri-dost addımları və açıqlamaları fonunda edilib. Xüsusən uzun illər ərzində Rusiya və Ermənistan sərhədçilərinin çiyin-çiyinə həll etdiyi məsələləri nəzərə aldıqda, çətin ki, bu cür təşəbbüs Ermənistanın və onun vətəndaşlarının maraqlarına cavab versin", - o deyib.
Xatırladaq ki, martın 6-da Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Zvartnots hava limanında rus sərhədçilərin mövcudluğu ilə bağlı Moskvaya rəsmi məktub göndərildiyini deyib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin mövqeyi bundan ibarətdir ki, Zvartnots hava limanında erməni sərhədçilər xidmət göstərməlidir.
"Ermənistan bunun üçün bütün imkanlara malikdir", - deyə Qriqoryan əlavə edib.
