...

Brüsseldə Ermənistan-Aİ-ABŞ görüşü Rusiyada narahatlıq doğurur - Mariya Zaxarova

Dünya xəbərləri Materials 28 Mart 2024 13:17 (UTC +04:00)
Brüsseldə Ermənistan-Aİ-ABŞ görüşü Rusiyada narahatlıq doğurur - Mariya Zaxarova
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Brüsseldə yüksək səviyyədə keçiriləcək Ermənistan-Aİ-ABŞ görüşü Rusiyada narahatlıq doğurur.

Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova özünün "Telegram" kanalında yazıb.

"Vaşinqton, Brüssel və İrəvan guya heyrətlənirlər ki, aprelin 5-də keçiriləcək yüksək səviyyəli Ermənistan-Aİ-ABŞ görüşü niyə çoxlarında "narahatlıq" doğurur. Bildirirlər ki, görüş hər hansı üçüncü ölkəyə qarşı yönəlməyib. Bu cür tədbirlər Rusiyada narahatlıq doğurur, çünki ABŞ və Aİ nümayəndələri tərəfdaşlarımıza birbaşa deyirlər ki, onların əsas fəaliyyəti müstəsna olaraq Rusiyaya qarşı yönəlib. Birbaşa, açıq mətnlə belə də deyirlər", - deyə o yazıb.

Zaxarova qeyd edib ki, bu cür görüşlər əksər region ölkələrində narahatlıq doğurur, çünki Azərbaycan və Ermənistan arasında sülhə nail olmağa deyil, Qərbin olduqca destruktiv yanaşmaları ilə Cənubi Qafqazda daha da irəliləməsinə, orada yeni ayırıcı xətlərin yaradılmasına, region ölkələrini anti-Rusiya gündəliyini izləməyə məcbur etməyə, Moskva ilə çoxəsrlik əlaqələrin parçalanmasına, regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq üçün mövcud mexanizmlərin sarsılmasına yönəlib.

"Rəsmi İrəvanın niyə söhbətin nədən getdiyini anlamırmışcasına davranması böyük sual doğurur. Axı bütün dünyanın gözü qarşısında Ermənistanı kollektiv Qərbin erməni xalqının təməl maraqlarından tamamilə fərqlənən son dərəcə təhlükəli planlarının reallaşdırılma vasitəsinə çevirirlər", - deyə Zaxarova yekunlaşdırıb.

Qeyd edək ki, dünən ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinqdə bildirib ki, Ermənistanın ticari tərəfdaşlığın şaxələndirilməsi və humanitar ehtiyacların qarşılanması işində ABŞ və Avropa İttifaqının (Aİ) ölkəyə dəstəyini müzakirə etmək üçün ABŞ dövlət katibi Antoni Blinken Brüsseldə Avropa Komissiyasının prezidenti Ursula von der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə üçtərəfli ABŞ-Aİ-Ermənistan görüşündə iştirak edəcək.

O, Brüsseldəki görüşün diqqəti Ermənistanın iqtisadi dayanıqlılığına yönəltmək məqsədi daşıdığını əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti