Bakı. Trend:
Fransa hakimiyyəti davam edən iğtişaşlar səbəbindən Yeni Kaledoniyaya ordu yerləşdirəcək.
Trend xəbər verir ki, bu barədə Fransanın Baş naziri Qabriel Attal bildirib.
Bildriilib ki, məqsəd Yeni Kaledoniyanın hava və dəniz limanlarını qorumaqdır.
Qeyd edək ki, iğtişaşlara Parisdə Yeni Kaledoniyada 10 il yaşayan Fransa sakinlərinə əyalət seçkilərində səsvermə hüququ verən qanun layihəsinin qəbul edilməsi səbəb olub. Yerli liderlərin fikrincə, bu yerli əhali olan kanakların səslərinin gücünü azaldacaq.
1853-cü ildən etibarən Fransanın müstəmləkəsi olan, 270 minlik əhalisi olan Yeni Kaledoniya Sakit Okeanda yerləşən ada dövlətidir.
XX əsrin əvvəllərindən etibarən Fransa adada aşkarlanmış faydalı qazıntı yataqlarını istismar etməyə başlayıb. Belə ki, adanın qızıl, bürünc, xrom, nikel, dəmir və s filizlərini çıxarılaraq Fransaya daşınıb. Keçən əsrin 80-ci illərindən etibarən Yeni Kaledoniya sakinləri azadlıq mübarizəsi aparır və Fransa müstəmləkəçiliyindən qurtulmağa çalışır.
Yeni Kaledoniya dünyanın ən böyük 3-cü nikel istehsalçısı olmasına baxmayaraq, ölkədə hər beş nəfərdən biri yoxsulluq həddinin altında yaşayır.