Bakı. Trend:
İraqın qərbindəki Ənbar əyalətindəki Ayn əl-Əsəd aviabazasına hücum nəticəsində 7 hərbçi yaralanıb, onların hamısının vəziyyəti sabitdir.
Trend-in məlumatına görə, ABŞ hərbi rəsmisi bu barədə məlumat yayıb. O, avqustun 5-də axşam iki raketin aviabazaya düşdüyünü, nəticədə beş amerikalı hərbçinin və iki podratçının yaralandığını qeyd edib. Hərbçilərə aviabazada tibbi yardım göstərilir, qalan iki nəfər təxliyə edilib.
Bundan əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Ostin və israilli həmkarı Yoav Qalant İraqda Amerika hərbçilərinin yerləşdiyi aviabazaya hücumu “təhlükəli eskalasiya” adlandırıblar.
Fələstin-İsrail münaqişəsinin daha da kəskinləşməsi başlanandan bəri İraqdakı Amerika bazaları və Suriyadakı Amerika hərbçiləri müntəzəm olaraq atəşə tutulub. Hücumlara görə məsuliyyəti İraqda fəaliyyət göstərən silahlı qruplaşmalar üzərinə götürüb.