Bakı. Trend:
"Telegram" mesencerinin yaradıcısı Pavel Durovun üç övladının anası olduğu iddia edilən İrina Bolqar iş adamının ailə xərcləri üçün istifadə etdiyi kartları blokladığını bildirib.
Trend xəbər verir ki, bu barədə o, "Instagram" səhifəsində yazıb.
"Durov uzun illər ailə xərcləri üçün istifadə etdiyim bütün kartları bloklayıb" , - deyə qadın qeyd edib.
Bolqar vurğulayıb ki, Durov əvvəllər birbaşa bank hesablarından maliyyələşdirdiyi uşaq xərcləri üçün olan hesabları da ödəməyi dayandırıb. Qadının sözlərinə görə, Durov uşaqların immiqrasiya sənədlərinin yenilənməsi üçün lazım olan razılığı imzalamaqdan imtina edib.
Bolqar belə nəticəyə gəlib ki, bu, onun və uşaqlarının Avropada qalmasının qarşısını almaq üçün edilib.
Qeyd edək ki, Fransada “Telegam” sosial şəbəkəsinin təsisçisi Pavel Durov barəsində ittiham irəli sürülüb və məhkəmə nəzarəti altında sərbəst buraxılıb.
Xatırladaq ki, Pavel Durov avqustun 25-də Parisdə saxlanılıb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsi, pedofiliya, çirkli pulların yuyulması və oğurlanmış malların idarə edilməsində ittiham olunur.
Maraqlıdır, dünyaya insan hüquqları dərsi keçən Avropa İttifaqı üzv ölkə olan Fransanın bu cür represssiv addımlarına niyə sakit qalır? Aİ hələ də açıqlama verməyib.
Bəs, ABŞ Dövlət Departamenti necə? Azərbaycanda belə hal baş versəydi, artıq bəyanat verməmiş bir Qərb rəsmi dairəsi, institutu qalmamışdı.
Bəli, "Telegram"da bır sıra məqamlar narahatedicidir. Amma insan hüquqları azadlıqlarına hörmət, biznes prinsiplərinə riayət olunması tələbi belə repressiv metodlarla tənzimlənməməlidir. Ən azından Qərb özünün bəyan etdiyi prinsiplərə sadiqlik nümayiş etdirməlidir. Bu olmayınca, ABŞ, Aİ hər hansı bir ölkədə bu və ya digər hadisəyə demokratiya və insan hüquqları kontekstində münasibət bildirməkdə haqsız sayılır.