...

Ölkələr mafiya ilə mübarizədə uduzur - Yürgen Stok

Dünya xəbərləri Materials 6 Oktyabr 2024 01:42 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Polis Təşkilatının (İnterpol) Baş katibi Yürgen Stok, ölkələrin qlobal narkotik ticarəti ilə məşğul olan mafiyaya qarşı mübarizədə geri qalmaqda olduğunu bildirib.

Trend xəbər verir ki, Y.Stok Almaniyanın DPA agentliyinə müsahibəsində dünya miqyasında mütəşəkkil cinayətkarlıqla mübarizədə uğursuzluq riski ilə üz-üzə olduqlarını vurğulayıb. O, xüsusilə "transmilli şirkətlər" səviyyəsinə çatmış bəzi cinayətkar qruplaşmaların Avropanın sabitliyi üçün ciddi təhlükə yaratdığını qeyd edib.

İnterpol Baş katibi, bu qruplaşmaların əsas gəlir mənbəyinin narkotik ticarəti olduğunu bildirərək deyib: "Avropadakı bəzi limanlarda rekord miqdarda narkotik vasitənin ələ keçirilməsinə baxmayaraq, küçələrdə narkotik maddə qiymətlərinin və təklifinin sabit qalması vəziyyəti aydın izah edir". O əlavə edib ki, müsadirə olunan narkotik maddələr qanunsuz dövriyyədə olanların sadəcə 15-20 faizini təşkil edir.

Y.Stok, böyük limanlardakı korrupsiya hallarının bu qruplara qarşı mübarizəni zəiflətdiyini və Cənubi Amerikadan Şimali Afrika vasitəsilə Avropaya narkotiklərin daşındığını deyib. O, bu cinayətkar qruplaşmalar arasında rəqabətin vəziyyəti daha da çətinləşdirdiyini bildirərək, xüsusilə Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində baş verən silahlı hücumların bu mübarizənin nümunəsi olduğunu vurğulayıb.

Cinayətkarlığa qarşı mübarizədə ölkələrin polis qüvvələri arasında əməkdaşlığın əhəmiyyətini vurğulayan Y.Stok, xüsusilə böyük 10-15 cinayətkar qruplaşmanın aradan qaldırılmasının vacibliyini bildirib.

Y.Stokun İnterpol Baş katibi olaraq səlahiyyət müddəti bu ilin noyabr ayında sona çatacaq.

Xəbər lenti

Xəbər lenti