Bakı. Trend:
Terror bəlası başda olmaqla, xroniki problemlərimizi həll etmək, qardaşlığı möhkəmləndirmək və Türkiyəni qardaşlıq əsasında inkişaf etdirmək üçün bu gün qarşımıza misilsiz bir imkan çıxmışdır.
Trend xəbər verir ki, bunu Türkiyə Respublikasının Prezidenti və AK Partiyanın sədri Rəcəb Tayyib Ərdoğan AK Parti Türkiyə Böyük Millət Məclisindəki (TBMM) qrup toplantısında çıxışı zamanı deyib.
“Terror bəlası başda olmaqla, xroniki problemlərimizi həll etmək, qardaşlığı möhkəmləndirmək və Türkiyəni qardaşlıq əsasında inkişaf etdirmək üçün bu gün qarşımıza misilsiz bir imkan çıxmışdır. Buradan Cümhur İttifaqında yol yoldaşımız, Milliyyətçi Hərəkat Partiyasının sədri cənab Dövlət Baxçalı, bütün Milliyyətçi Hərəkat Partiyası camiəsinə, qrupum və əziz millətim adından dərin salamlarımı və təşəkkürlərimi ifadə edirəm.
Dövlət bəy, cəsur çıxışları, düşüncələri ilə daim tarixdə iz qoyan və tarixə istiqamət verən bir liderdir. O, vətənə, millətə, respublikaya olan sevginin və ən önəmlisi, milliyyətçiliyin mənasını ən açıq, ən vurğulu şəkildə izah edərək, anlayanlar üçün və mahiyyətə yönəlmək iradəsi göstərə bilənlər üçün hər fürsətdə öz düşüncələrini açıq şəkildə çatdırmışdır”, - Ərdoğan deyib.
Türkiyə Prezidenti əlavə edib ki, Milliyyətçi Hərəkat Partiyasının sədrinin son çağırışlarını bu çərçivədə dəyərləndirənlər qarşımızda açılan tarixi fürsət pəncərəsini görərək həyəcanlanırlar. Buna qarşı, ölkənin və millətin ümumi maraqları yerinə öz şəxsi maraqlarını ön planda tutanlar hər zamanki kimi tutarsız və mənasız söz bataqlığında çabalayırlar.