Bakı. Trend:
Venesuela hakimiyyəti, 2024-cü il prezident seçkilərindən sonra baş verən iğtişaşlarda şübhəli bilinən daha 103 nəfəri sərbəst buraxıb.
Trend xəbər verir ki, bu barədə ölkənin Mülki Təhlükəsizlik üzrə vitse-prezidenti və Daxili İşlər Nazirliyinin rəhbəri Diosdado Kabellonun bəyanatında qeyd olunur.
Kabello bildirib ki, son 72 saat ərzində 103 nəfər azad edilib. O, həmçinin noyabrın 28-də daha 225 nəfərin qabaqlayıcı tədbirlərinin ləğv edildiyini xatırladıb. “Bu addımlar, prezident Nikolas Maduronun, 28 iyul seçkilərindən sonra baş verən zorakılıq aktları ilə bağlı cinayət işlərinin yenidən araşdırılmasını tələb etməsi ilə əlaqədardır”, - deyə bəyanatda vurğulanıb.
Xatırladaq ki, 28 iyulda keçirilən prezident seçkilərindən sonra ekstremist qrupların törətdiyi zorakılıqlar nəticəsində iki gün ərzində 28 nəfər həyatını itirib, 200-ə yaxın insan yaralanıb. Bundan əlavə, 500 dövlət və özəl mülkiyyət obyektinə ziyan dəyib.