Bakı. Trend:
Qətər İsrail və HƏMAS nümayəndələrinə Qəzza bölgəsində atəşkəs rejiminin tətbiqi ilə bağlı razılaşmanın yekun layihəsini təqdim edib. Razılaşmada, eyni zamanda, HƏMAS yaraqlılarının əsir götürdüyü şəxslərin azad edilməsi nəzərdə tutulur.
Trend xəbər verir ki, bu haqda "Reuters" agentliyi məlumat yayıb.
Agentliyin yazdığına görə, yanvarın 12-də Qətər hökumət başçısı Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Əl Tani İsrailin “Mossad” kəşfiyyat xidmətinin rəhbəri David Barnea və ABŞ-nin seçilmiş prezidenti Donald Trampın Yaxın Şərq üzrə gələcək xüsusi nümayəndəsi Stiven Uitkoffla danışıqlar aparıb.
Agentliyin mənbəyi bildirib ki, gecə saatlarında Dohada davam edən müşavirələrdə irəliləyiş əldə olunub.
Qeyd edək ki, yanvarın 11-də İsrail baş naziri Binyamin Netanyahu da Qəzzada əsir saxlanılan İsrail vətəndaşlarının azad edilməsi ilə bağlı müşavirələrin davam etməsi üçün danışıqlara cəlb olunmuş nümayəndə heyətinin Dohaya yollanmasına göstəriş vermişdi.
Yanvarın 12-də ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan CNN telekanalının efirində tərəflərin Qəzzada atəşkəslə bağlı razılaşmanın əldə olunmasına çox yaxın olduqlarını söyləmişdi.