Bakı. Trend:
HƏMAS hərəkatı döyüşçülərinin əsarətində olan bütün israilli və xarici əsirləri birdəfəlik azad etməyi təklif edib.
Trend “Aljazeera”yə istinadən bildirir ki, bunun əvəzində hərəkat rəsmiləri sabit atəşkəs rejiminin təmin olunmasını və İsrail ordusunun Qəzzadan tamamilə çəkilməsini istəyir.
HƏMAS-ın rəsmisi Həzim Qasım mətbuata verdiyi açıqlamada Qəzzada atəşkəs rejiminin tətbiqi ilə bağlı HƏMAS və İsrail arasında bağlanmış sazişin ikinci mərhələsindən söz açıb.
“Biz daimi atəşkəsə və Qəzza bölgəsindən İsrail ordusunun tam geri çəkilməsinə gətirib çıxaracaq bir razılığa nail olmaq meyarı çərçivəsində, əsirlərin birdəfəlik mübadiləsini nəzərdə tutan ikinci mərhələyə hazırıq.
İşğalçı tərəfin HƏMAS-ın Qəzza zolağından çıxarılmasını tələb etməsi gülünc psixoloji müharibədir, həmçinin, müqavimət qüvvələrinin Qəzzadan çıxarılması və ya tərksilah edilməsi qəbuledilməzdir”, – deyə Qasım əlavə edib.