Bakı. Trend:
İsrailin İrana endirdiyi zərbələr fonunda Böyük Britaniyanın Nəqliyyat Nazirliyi krallığın bayrağını daşıyan bütün gəmilərə Qırmızı dəniz və Ədən körfəzinə daxil olmamağı tövsiyə edib.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Nazirliyin müvafiq sənədində qeyd edilib.
Məlumata əsasən, tövsiyə xaratekterli müraciət eyni zamanda Cəbəllütariq və Bermuda adalarında qeydiyyatdan keçmiş gəmilərə şamil edilir.
Qeyd edilir ki, həmin su ərazilərindən keçəcəkləri təqdirdə gəmidə ən yüksək təhlükəsizlik tədbirləri həyata keçirilməli və göyərtədə olan ekipaj üzvlərinin sayı məhdudlaşdırılmalıdır.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib. Eyni zamanda İran tərəfi İsrailə cavab hücumunun həyata keçiriləcəyini bildirir.