Bakı. Trend:
Paris şəhərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradov ilə UNESCO-nun Baş direktoru Xalid Əl-Anani arasında görüş keçirilib.
Trend xəbər verir ki, bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi məlumat yayıb.
Görüş zamanı tərəflər Mərkəz ilə UNESCO arasında əməkdaşlıq
imkanları barədə fikir mübadiləsi aparıblar.
Müzakirələr zamanı qlobal çağırışlar fonunda çoxtərəfli
əməkdaşlığın gücləndirilməsi və sülh mədəniyyətinin təşviqi
məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda, gənclər proqramları çərçivəsində mümkün əməkdaşlıq, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin UNESCO-nun fəaliyyətində daha aktiv iştirakı, UNESCO-nun missiyasının qlobal səviyyədə təbliği məsələləri və o cümlədən, UNESCO-nun Baş direktoru cənab Əl-Ananinin 2026-cı ilin mart ayında, Bakıda keçiriləcək 13-cü Qlobal Bakı Forumunda iştirakı müzakirə edilib.
