...

"S&P" SOCAR-ın reytinqi üzrə proqnozu "müsbət"ə yüksəldib

Energetika Materials 25 Dekabr 2025 11:11 (UTC +04:00)
"S&P" SOCAR-ın reytinqi üzrə proqnozu "müsbət"ə yüksəldib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq reytinq agentliyi “S&P Global Ratings” Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kredit reytinqi üzrə proqnozunu “stabil”dən “müsbət”ə yüksəldib və reytinqi “BB” səviyyəsində təsdiqləyib

Trend bu barədə "S&P"yə istinadən xəbər verir.

Agentliyin qeyd etdiyinə görə, qərar SOCAR-a dövlət dəstəyinin çox yüksək ehtimalını əks etdirir və Azərbaycan üzrə suveren reytinq proqnozunun analoji şəkildə yaxşılaşdırılmasından sonra qəbul edilib.

“S&P” vurğulayır ki, müsbət proqnoz bir sıra amillərlə şərtlənir. İlk növbədə, sülh nizamlanmasına doğru irəliləyiş fonunda Azərbaycan və Ermənistan arasında gərginlik əhəmiyyətli dərəcədə azalıb, həmçinin hər iki ölkənin 2026-cı il büdcələrində müdafiə xərcləri ixtisar olunub. Bu dəyişikliklər münaqişənin yenidən alovlanması risklərini azaldıb və mövcud tendensiyanın qorunacağı təqdirdə, investor etimadını dəstəkləyə, Cənubi Qafqazda regional ticarət və nəqliyyat əlaqələrinin yaxşılaşması hesabına orta müddətli iqtisadi artımın daha dayanıqlı olmasına töhfə verə bilər.

Bundan əlavə, Azərbaycan Dövlət Neft Fondunun (ARDFN) əhəmiyyətli aktivləri ilə təmin olunan olduqca möhkəm fiskal və xarici buferlərə malikdir. “S&P” hesabatında bildirilir ki, dövlət idarəetmə sektorunun aktivləri üzrə davamlı müsbət saldo və dövlət borcunun aşağı səviyyəsi şokların udulması üçün böyük dayanıqlıq ehtiyatı yaradır və iqtisadiyyata karbohidrogen qiymətlərinin dəyişkənliyini yumşaltmaqla makroiqtisadi sabitliyi qorumağa imkan verir.

Reytinq agentliyi geosiyasi risklərin azalacağı və fiskal ehtiyatların qorunacağı halda, orta müddətli perspektivdə Azərbaycanın kredit göstəricilərinin daha da yaxşılaşacağını gözləyir.

“Rəsmi sülh sazişi hələ imzalanmasa da, son öhdəliklər və onların icrası istiqamətində atılan ilk addımlar son onilliklər ərzində ikitərəfli münasibətlərin ən konstruktiv mərhələsini tərənnüm edir və investisiya mühitini yaxşılaşdıra, iqtisadi artım potensialını artıra bilər”, – “S&P” qeyd edir.

Xatırladaq ki, 12 noyabr 2025-ci il tarixində “S&P” SOCAR-ın reytinqini “BB-”dən “BB” səviyyəsinə yüksəltmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti