Bakı. Trend:
Bu gün Azərbaycan və İran arasındakı siyasi iradə və qəlbi bağlılıq, müxtəlif sahələrdə, o cümlədən birgə iqtisadi layihələrdə özünü aydın şəkildə göstərir.
Bunu İranın Azərbaycandakı səfiri Muctaba Dəmirçilu iki ölkə arasında əlaqələrin qurulmasının 34 illiyi ilə əlaqədar “Köhnə köklərdən yeni üfüqlərə” başlıqlı məqalədə qeyd edib.
Otuz dörd il əvvəl bu günlərdə, İran İslam Respublikası tarixi, mədəni və sivilizasiya bağlılıqlarını nəzərə alaraq, Azərbaycan Respublikasının müstəqilliyini rəsmi şəkildə tanıdı. 1991-ci ilin dekabrında atılan bu addım yalnız beynəlxalq münasibətlərdə rəmzi bir jest deyildi; bu, dost, qardaş və qonşu ölkənin seçimlərinə, suverenliyinə və müstəqilliyinə olan hörmətin səmimi ifadəsi idi və beləliklə, iki ölkə arasında rəsmi münasibətlərin möhkəm təməli qoyulmuşdur.
İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı əlaqələr nadir və unikaldır, adi dövlətlərarası münasibətlərin hüdudlarından kənara çıxır. Biz burada əsrlər boyu çiyin-çiyinə yaşamış, ortaq dəyərlər əsasında bir-birinin kədərinə və sevincinə şərik olmuş xalqlardan danışırıq.
Son otuz il ərzində dostluq və qardaşlıq əlaqələrimiz, zaman-zaman qarşılaşdığı çətinliklərə baxmayaraq, qarşılıqlı maraqlar və etimad zəminində inkişaf etmişdir. “Ortaq köklər” həmişə sabitləşdirici bir lövbər rolunu oynayaraq münasibətlər gəmisini fırtınalardan qorumuşdur.
Bu gün iki ölkə arasındakı siyasi iradə və qəlbi bağlılıq, müxtəlif sahələrdə, o cümlədən birgə iqtisadi layihələrdə özünü aydın şəkildə göstərir. İnkarolunmaz həqiqət budur ki, hər iki ölkənin təhlükəsizliyi, sabitliyi və milli maraqları bir-birinə qırılmaz tellərlə bağlıdır.
19 may 2024-cü il tarixində Araz çayı üzərində birgə bəndlərin açılış mərasimində Azərbaycan Respublikasının hörmətli Prezidenti cənab İlham Əliyev bu bağlılıqların dərinliyinə toxunaraq vurğulamışdır:
"İran-Azərbaycan birliyi və dostluğu sarsılmazdır. Heç kim bizim aramıza girə bilməz… İran-Azərbaycan dostluğu və qardaşlığı bölgədə sabitliyin mühüm amili və gələcək təhlükəsizliyin gücləndirilməsidir."
İki ölkə münasibətlərində medianın, qələm sahiblərinin və siyasi təhlilçilərin rolu həlledici və strateji əhəmiyyət kəsb edir. Saxta narrativlərin iki qardaş xalq arasında süni anlaşılmazlıq və uçurum yaratmağa cəhd etdiyi bir dövrdə, medianın əsas vəzifəsi milli ayıq-sayıqlığı qorumaq və strateji “ortaq nöqtələrə” işıq salmaqdır. Tehran və Bakıdakı media nümayəndələrinin üzərinə düşən tarixi missiya - bu qədim dostluğun hüdudlarını kənar müdaxilələrdən hifz etmək və iki ölkənin yaxınlaşmasından narahat olan qüvvələrin manipulyasiyalarına qarşı sipər çəkməkdir. Yalan məlumatların və təfriqəçi rəvayətlərin qədim köklərimizə kölgə salmasına əsla imkan vermək olmaz. Media sülhün, əməkdaşlığın və qardaşlığın carçısı olmalı, ortaq maraqlarımızı və perspektiv imkanlarımızı təbliğ etməklə ictimai rəyə birliyin sarsılmaz gücünü daim xatırlatmalıdır.
İran İslam Respublikası və Azərbaycan Respublikasının əməkdaşlığı bütün Qafqaz regionunun sabitliyinin, yerli təhlükəsizliyinin və tərəqqisinin təminatçısı ola bilər. Bakı və Tehran arasında iqtisadi və mədəni əlaqələr nə qədər möhkəm olarsa, hər iki ölkənin maraqları bir o qədər qorunmuş olar və "bulanıq suda balıq tutmaq" istəyən xarici müdaxilə yolları bağlanar.
Azərbaycan Respublikasının müstəqilliyinin İran tərəfindən tanınmasının 34-cü ildönümü yalnız tarixi bir xatirə deyil; bu, həm də mehriban qonşuluq ideallarına sadiqliyi yeniləmək üçün bir fürsətdir. Biz eyni kökün iki budağıyıq; nə qədər möhkəm olsaq, sülhün, rifahın və təhlükəsizliyin kölgəsi bölgənin bütün bucaqlarına bir o qədər geniş yayılacaqdır. Bu bağın kökü tarixdədir və baxışlar iki xalqı parlaq üfüqlərə doğru daha da yaxınlaşdırır. Qarşıdakı yol əzəmətə, tərəqqiyə və qarşılıqlı maraqların təmin olunmasına aparan yoldur.
Müctəba Dəmirçilu,
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfiri
25 dekabr 2025
