Bakı. Trend:
İranda avtomobili olan hər bir vətəndaş üçün nəzərdə tutulan benzindən əlavə hər 1 litrin qiyməti 50 min rial (təxminən 0,8 dollar) təşkil edəcək.
Trend-in məlumatına görə, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani bu gün (2 dekabr) Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ölkədə avtomobili olan hər bir vətəndaşın 1 avtomobili üçün 1 litri 15 min rial (təxminən 0,2 dollar) olaraq ayda 60 litr, 1 litri 30 min rial (təxminən 0,5 dollar) nəzərdə tutulur. Əlavə benzin istifadə etmək istəyənlər isə 1 litr üçün 50 min rial (təxminən 0,8 dollar) ödəməli olacaqlar.
Mohacerani deyib ki, bir neçə avtomobili olan vətəndaşlara sadəcə 1 avtomobil üçün yanacaq yükləmə kartı qüvvədə olacaq.
Hökumət rəsmisi bildirib ki, hökumət ictimai nəqliyyatdan istifadəni artırmaq və hava çirkliliyini azaltmaq istiqamətində ciddi tədbirlər görməkdədir. Bu məqsədlə benzinin qiymətinin artmaı ilə əldə olunan gəlir tam şəkildə əhalinin məişətinin yaxşılaşdırılmasına sərf olunacaq.
Qeyd edək ki, İranda benzin istehsalı potensialı gündəlik 110 milyon litr təşkil edir. Adi günlərdə ölkədə benzin istehlakının gündəlik 133 milyon litr, pik günlərdə (bayram və sair) isə 167 milyon litrə yüksəldiyi bildirilir. Buna görə, İranın ildə 6 milyard dollar dəyərində benzin idxalına vəsait xərclədiyi qeyd olunur.
