Bakı. Trend:
Son vaxtlar İranda internetə çıxışın kəsilməsinin ölkənin makro-iqtisadiyyatına vurduğu ziyan gündəlik 50 trilyon rial (təxminən 50 milyon dollar) hesablanır.
Trend-in məlumatına görə, bunu İranın rabitə və informasiya texnologiyaları naziri Seyid Səttar Haşemi bu gün (26 yanvar) internetin kəsilməsinin rəqəmsal iqtisadiyyata vurduğu ziyanın araşdırılması üzrə iclasda deyib.
Onun sözlərinə görə, internetin kəsilməsi ölkənin rəqəmsal iqtisadiyyatına isə gündəlik 5 trilyon rial (təxminən 5 milyon dollar) ziyan vurub.
Haşemi bildirib ki, rəqəmsal iqtisadiyyat isə ölkənin iqtisadiyyatında minimum 5% paya sahibdir.
Haşemi deyib ki, hazırda ölkədə təxminən 10 milyon nəfər rəqəmsal iqtisadiyyat sahəsində fəaliyyət göstərir. İnternetin kəsilməsi vətəndaşların məşğulluğun və məişət durumuna zərbə vurur və sosial mənfi nəticələrə səbəb ola bilər.
“Hesablamalar göstərir ki, şirkətlər və internetlə fəaliyyət göstərən iş yerləri orta hesabla təxminən 20 gün vəziyyətə tab gətirə bilər və ölkə hazırda qeyd olunan günə çatmaqdadır.
Buna əsasən mövcud imaknlardan istifadə edərək dəyən ziyanları azaltmaq məqsədilə addım atmaq lazımdır. Kiçik şirkətlər prioritet təşkil etməklə dəstəklərə başlamaq lazımdır. Hərçənd ağır vəziyyət böyük şirkətlərə də keçməkdədir. Ümid edilir ki, ölkənin normal rabitə şəraitinə keçəcəyi gözlənilir”, - deyə o qeyd edib.
Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları başlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də, say haqda məlumat verilməyib.
Əlavə edək ki, 8 yanvardan etibarən İranda internetə giriş ciddi şəkildə məhdudlaşdırılıb. Sonrakı günlərdə ölkə daxilində internet müəyyən səviyyədə bərpa olunsa da, beynəlxalq internetə çıxış sahəsində məhdudiyyətlər qalmaqdadır.
