Bakı. Trend:
Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin qətlində təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilmiş keçmiş hərbçi Tetsuya Yamaqami birinci instansiya məhkəməsinin çıxardığı hökmdən apelyasiya şikayəti verib.
Trend-in məlumatına görə, bu barədə "Kiodo" agentliyi xəbər verib.
Məlumata əsasən, T.Yamaqami yanvar hökmündən apelyasiya şikayəti vermək üçün çərşənbə günü Nara Dairə Məhkəməsinə ərizə verib.
Qeyd edilib ki, məhkəmənin qərarı ilə "ittiham tərəfinin tələbi ilə, müdafiə tərəfinin cəza təyin edilərkən onun faciəli uşaqlığının nəzərə alınması lazım olduğu arqumentini rədd edərək" Yamaqamini ömürlük həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, yanvarın 21-də Nara Dairə Məhkəməsi 45 yaşlı Tetsuya Yamaqamini keçmiş baş nazirin qətlində təqsirli bilərək ömürlük həbs cəzasına məhkum etdi. T.Yamaqami 8 iyul 2022-ci ildə Nara şəhərində siyasi tədbirdə çıxış edərkən S.Abeni evdə hazırlanmış silahla güllələməkdə təqsirli bilinib.