Bakı. Trend:
Ukrayna, ABŞ və Rusiya arasında Cenevrədə keçirilən danışıqlarda iki nümayəndə heyəti fəaliyyət göstərib – biri hərbi, digəri isə siyasi istiqamət üzrə. Ərazi məsələsinə gəldikdə isə, üç tərəfin üç ayrı mövqeyi mövcud idi.
Trend xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski britaniyalı jurnalist Piers Morgana müsahibəsində deyib.
O bildirib ki, hərbi heyətin üzvləri müharibədən sonra atəşkəsə nəzarət mexanizmlərini müzakirə ediblər. Prezidentin sözlərinə görə, bu istiqamətdə müəyyən irəliləyiş əldə olunub.
“Lakin siyasi sahədə vəziyyət daha mürəkkəbdir. Mövqelərimiz üst-üstə düşmür. Ərazi məsələsində üç müxtəlif baxış mövcuddur. Bu, əlbəttə, asan deyil, amma biz mümkün qədər konstruktiv yanaşmağa çalışdıq”, – deyə Zelenski vurğulayıb.
O əlavə edib ki, nümayəndə heyətlərinin növbəti görüşünün də İsveçrədə keçirilməsi planlaşdırılır.
Zelenski həmçinin qeyd edib ki, Ukrayna ABŞ-ın əvvəlcə döyüş meydanında atəşkəsə nail olunması, daha sonra isə məsələlərin diplomatik müstəvidə həll edilməsi ilə bağlı mövqeyini dəstəkləməkdə davam edir.