Bakı. Trend:
Hamiləlik zamanı qadının immun sistemi aşağı olur. Sözsüz ki, bu zaman hər bir virus və bakterial infeksiyaya qarşı həssaslıq yaranır.
Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Nigar Axundova açıqlayıb.
Onun sözlərinə görə virus infeksiyalar hamilə qadınlar üçün təhlükəlidir:
“Bu zaman ciftin trombozu, mamalıq qanaxmaları, dölün inkişafının dayanması və ya erkən doğuşlar ola bilər. Bir çox hallarda isə virus infeksiya süstgedişli və simptomsuz olsa da, döldə əsasən bətndaxili infeksiyalaşma və ona bağlı inkişaf qüsurları, patoloji hallar yaranır. Hamilələr qripdən sonra bəzən yanlış olaraq müalicə həkiminə yox, ultrasəs müayinəsinə gedərək sularının bulanıq olacağından narahat olurlar. Lakin əsas bu göstərici deyil. Əsas olan həkimin tövsiyəsi ilə Doppler USM-si ilə qan dövranının yoxlanılması və müəyyən qan testlərindən keçməsidir”.
Mütəxəssis-ekspert qeyd edib ki, mövsüm qrip xəstəlikləri kəskin respirator ağırlaşmalar verə bilər (bronxit, pnevmoniya) və bu proses artıq dölə də mənfi təsirlər göstərə bilər:
“Qeyd edim ki, Səhiyyə Nazirliyi tərəfindən əhali arasında profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi üçün qrip əleyhinə Fransa şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatları gətirilib. Ona görə hər bir qadına tövsiyəmiz odur ki, hamiləlik planlaşdırmadan öncə ölkəmizdə hazırda mövcüd olan qrip əleyhinə peyvənddən yararlansınlar. Hamilə qadınlara da bu tövsiyə olunur. Qonşu ölkələrdə (Rusiya, Qazaxıstanda, Türkiyə) bu praktika aparılır.
Bundan əlavə, sidik yollarının infeksiyaları barəsində də qeyd etmək istəyərdim. Hər ay hamilə qadın mütləq şəkildə bu analizə fikir verməli, çünki simptomsuz bakteriya kimi bir patologiya var. Onu yalnız həkim sidik əkilməsindən sonra aşkar edə bilər. Bu patoloji haldır və dölə mənfi təsirlər göstərə bilər. Belə hallarda həkim uroloqlar da müalicəyə qoşulur və hamiləlik müddətində daim kontrol edilir”.
