Bakı. Trend:
Müasir təhlükəsizlik gündəliyi hərbi sahənin hüdudlarını xeyli aşır.
Trend xəbər verir ki, bunu Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin direktoru Fərhad Məmmədov bu gün Bakıda keçirilən “C6: Vahid region, ortaq gələcək – strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda deyib.
“Burada söhbət kibertəhdidlərdən, hibrid təsirlərdən, xarici siyasət kursunun korrektə edilməsi məqsədilə daxili siyasətə təsir cəhdlərindən gedir. İnfrastrukturun – boru kəmərlərinin, dəmir və avtomobil yollarının, limanların, perspektivdə isə internet kabellərinin, eləcə də yaşıl enerjinin ixrac xətlərinin qorunması xüsusi əhəmiyyət kəsb edir. Bütün bu istiqamətlər regional əməkdaşlıq çərçivəsində sistemli və institusional yanaşma tələb edir”, – deyə o vurğulayıb.
F.Məmmədov qeyd edib ki, Azərbaycan Mərkəzi Asiya dövlətlərinin məsləhətləşmə görüşləri formatının inkişafını diqqətlə izləyib və bunu səmərəli regional qarşılıqlı fəaliyyət nümunəsi kimi qiymətləndirir.
Onun sözlərinə görə, Mərkəzi Asiyada təhlükəsizlik sahəsində bir çox istiqamətlər üzrə konsensus əldə olunub ki, bu da regionun proqnozlaşdırıla bilənliyi və dayanıqlılığı üçün zəmin yaradır.
“Bəzi ölkələrin hərbi-siyasi bloklarda iştirakına baxmayaraq, bu, təhlükəsizlik məsələləri üzrə regional dialoqun inkişafına, təlimlərin keçirilməsinə, təcrübə və məlumat mübadiləsinə mane olmur. Eyni zamanda, bu cür bloklar tamhüquqlu təhlükəsizlik ‘çətiri’ rolunda çıxış etmir və regional əməkdaşlığı məhdudlaşdırmır”, – deyə o əlavə edib.
