Bakı. Trend:
2026-cı il fevralın 17-də “Amnesty International” təşkilatı Azərbaycan məhkəməsinin erməniəsilli şəxslər barədə çıxardığı hökm barədə tamamilə əsassız, böhtan xarakterli açıqlama ilə çıxış edib.
Trend xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması məlumat yayıb.
"İlk öncə vurğulamaq istərdik ki, Qərbi Azərbaycan İcması
müxtəlif vaxtlarda “Amnesty International” təşkilatına
Ermənistandan deportasiya olunmuş azərbaycanlıların pozulmuş
hüquqlarının bərpasına kömək etməsi xahişi ilə müraciət edib. Lakin
təşkilat olduqca mücərrəd cavab verərək ədaləti dəstəkləməkdən
boyun qaçırıb", -qurumdan əlavə olunub.
Bildirilir ki, 17 fevral açıqlaması ilə “Amnesty International” bu
mücərrəd cavabın səbəblərini bir daha göstərib.
“Amnesty International” özünün kağız üstündə bəyan etdiyi nəcib
dəyərlərə xəyanət edərək işğalçının, etnik təmizləmə, bir həftə
sonra 34-cü ildönümü anılacaq Xocalı soyqırımını törədən canilərin
yanında olduğunu, insan haqlarına, insan iztirablarına, humanitar
fəlakətlərə yalnız siyasi prizmadan yanaşdığını nümayiş
etdirib.
“Amnesty International” belə saxtakar mövqeyi ilə bu gün dünyada
beynəlxalq təsisatlara etibarın kəskin şəkildə zədələnməsinə öz
“töhfəsi”ni verməkdədir", - məlumatda qeyd olunub.
