Bakı.Trend:
Görüşümüz qlobal mühitdə artan rəqabət və qeyri-sabitliyin hökm sürdüyü dövrə təsadüf edir. Böyük güclər arasında rəqabətin dərinləşməsi, enerji və nəqliyyat marşrutlarına təsir edən münaqişələr, eləcə də təchizat zəncirlərində yaranan fasilələr regionumuz üçün mühüm bir reallığı yenidən təsdiqləyir.
Trend xəbər verir ki, bu fikirləri “C6: Vahid region, ortaq gələcək strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev deyib.
BMTM sədrininsözlərinə görə, reallıq ondan ibarətdir ki, strateji dayanıqlılığı təmin etmək üçün ölkələr arasında bağlantılar gücləndirilməli, iqtisadi və nəqliyyat marşrutları şaxələndirilməli, əməkdaşlıq isə ortaq maraqlar əsasında qurulmalıdır. Yalnız bu yanaşma regionumuzun sabitliyini və davamlı inkişafını təmin edə bilər.
F.Şəfiyev vurğulayıb ki, son altı il ərzində Azərbaycanın xarici siyasəti məhz bu reallıqlara uyğun şəkildə formalaşdırılıb:
“Asiya institutları ilə əməkdaşlığın genişləndirilməsi və strateji tərəfdaşlıqların dərinləşdirilməsi nəticəsində ölkəmiz şərq vektorunu daha da möhkəmləndirib, bununla yanaşı, ABŞ və onun Avropadakı tərəfdaşları ilə konstruktiv və qarşılıqlı hörmətə əsaslanan dialoqu davam etdirib. Bu balanslı yanaşma həssaslıqların azalmasına, yeni imkanların yaranmasına və həm regional, həm də milli inkişaf üçün yeni perspektivlərin formalaşmasına xidmət edir”.
O vurğulayıb ki, Mərkəzi Asiya Azərbaycan üçün yalnız qonşu deyil, həm də təbii tərəfdaşdır.
“Ortaq tarix və zəngin mədəni irs mühüm əsas yaratsa da, bugünkü əməkdaşlığımızı fərqləndirən başlıca amil geoiqtisadiyyatdır-enerji, nəqliyyat, logistika və infrastruktur sahələrində əməkdaşlıqdır. Avrasiya məkanında sabitliyə dair ənənəvi fərziyyələrin aktuallığını itirdiyi şəraitdə bu əlaqələr yeni məna və strateji əhəmiyyət kəsb edir”,- deyə F.Şəfiyev əlavə edib.
