Bakı. Trend:
Mərkəzi Bankın uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
“Belə ki, 2025-ci ilin iyul və dekabr aylarında faiz dəhlizinin parametrləri 0.5 faiz bəndi azaldılıb və AZIR indeksi bu dəyişikliyə çevik reaksiya verib. AZIR indeksinin ortaçəkili səviyyəsi 2024-cü ilin dekabr ayı ilə müqayisədə 2025-ci ilin dekabr ayında 0,95 faiz bəndi azalıb.
Sözügedən azalma dövlət qiymətli kağızları bazarında da öz əksini tapıb.Gəlirlilik əyrisinin bütün seqmentlərində 2024-cü ilin dekabr ayının sonu ilə müqayisədə 2025-ci ilin dekabr ayının sonunda azalma müşahidə olunub. Belə ki, geri ödəmə müddəti 3 aylıq istiqrazlar üzrə gəlirlilikdə 1.61 faiz bəndi, 1 illik istiqrazlar üzrə 1.8 faiz bəndi, 4 illik istiqrazlar üzrə isə 2.84 faiz bəndi azalma qeydə alınıb”, - məlumatda qeyd edilib.
