Bakı. Trend:
Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarında əldə olunan irəliləyiş regional sabitliyin möhkəmlənməsinə töhfə verib və iqtisadi əməkdaşlıq üçün yeni imkanlar açıb.
Trend bu barədə ticarət kreditlərinin sığortalanması sahəsində dünya lideri olan “Allianz Trade” şirkətinə istinadən xəbər verir.
“ABŞ ilə münasibətlər nəzərəçarpacaq dərəcədə yaxşılaşıb: Vaşinqton Bakı ilə İrəvan arasında sülh sazişinin bağlanmasına töhfə verən təşəbbüslərdə vasitəçi kimi çıxış edir. Azərbaycan həmçinin Avropa İttifaqı ilə (enerji sahəsində), Türkiyə ilə (nəqliyyat əlaqəliliyi sahəsində) və digər regional oyunçularla əməkdaşlığı dərinləşdirir. Bununla belə, daha geniş aspektdə Cənubi Qafqaz regionu geosiyasi şoklara qarşı həssas olaraq qalır”,- deyə “Allianz”ın son hesabatında bildirilir.
Xatırladaq ki, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və dövlətlərarası münasibətlər haqqında” Sazişi paraflayıblar.
Xatırladaq ki, 21 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında vurğulayıb ki, Azərbaycan işğal dövründən mövcud olan Ermənistan istiqamətində yük tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırıb və bu marşrut üzrə ilk tranzit yükü Qazaxıstanın Ermənistana göndərdiyi taxıl partiyası olub.
18 dekabr tarixində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ermənistana 1220 ton “Aİ-95” markalı avtomobil benzini göndərib.
Daha sonra, 9 yanvar 2026-cı il tarixində Ermənistana ümumilikdə 2 698 ton yük (48 vaqon) daşınıb ki, bunun 1742 tonu “Aİ-95” markalı benzin, 956 tonu isə dizel yanacağı olub.
Yanvarın 11-də isə həmin ölkəyə 979 ton Aİ-92 markalı avtomobil benzini ilə yüklənmiş 18 vaqondan ibarət qatar yola salınıb.
