Bakı.Trend:
"Mərkəzi Azəri" platformasından ilk neft hasilatına başlanılmasından 21 il ötür.
Trend Energetika Nazirliyinə istinadən xəbər verir ki, platforma istismara verildiyi tarixdən indiyədək 157 milyon ton neft hasil edilib.
“Mərkəzi Azəri” hasilat, qazma və yaşayış platforması, körpü vasitəsilə ona birləşdirilmiş kompressor və suvurma qurğularının yerləşdiyi texniki platforma ilə birlikdə Xəzər dənizində ən iri dəniz komplekslərindən biri hesab olunur. Bu kompleks "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yatağındakı digər platforma və qurğular üçün mühüm əməliyyat mərkəzi funksiyasını yerinə yetirir. Müasir və qabaqcıl texnoloji imkanları sayəsində yataq üzrə bütün əməliyyatların təhlükəsiz, fasiləsiz və etibarlı icrası təmin olunur.
“Mərkəzi Azəri” beynəlxalq standartlara cavab verən müasir dəniz qurğusudur. Gözlənilir ki, o, qarşıdakı illərdə də AÇG layihəsinin uğurlu inkişafına mühüm töhfələr verməklə Azərbaycanın neft sənayesində aparıcı mövqeyini qoruyub saxlayacaq.
