Bakı. Trend:
Fransa hakimiyyəti ölkənin qərbinə düşən rekord səviyyədə yağıntı ilə əlaqədar yaşanan daşqınlarla əlaqədar fövqəladə vəziyyət rejimi elan etmək niyyətindədir.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Sebastian Lekornu açıqlama verib.
“Ölkənin qərbində baş verən daşqınlar tam səfərbərliyi tələb edir. Təbii fəlakət statusunun tanınması prosedurlarına başlanılıb”, – deyə o "X" hesabında yazıb.
Baş nazir qeyd edib ki, bu prosedur zərərçəkmiş kommunalara kompensasiyaların rəsmiləşdirilməsi üçün zəruridir. O, ilk müraciətlərin gələn həftə xüsusi komissiya tərəfindən nəzərdən keçiriləcəyinə söz verib.
Qeyd edək ki, Fransada yağıntılar yanvarın ortalarından başlayıb. Ölkədə ötən əsrin ortalarından bəri ən uzunmüddətli yağıntı dövrü müşahidə olunur. Bəzi departamentlərdə fevralın əvvəlindən yağıntıların miqdarı orta göstəriciləri üç dəfə üstələyib.
