Bakı. Trend:
Kanadanın Vankuver şəhərindən 30 kilometr məsafədə baş verən meşə yanğını nəticəsində iki ev təxliyə edilib, daha 30-dan çox ev üçün isə mümkün təxliyə ilə bağlı xəbərdarlıq elan olunub.
Bu barədə yerli KİV məlumat yayıb.
Yanğın çərşənbə günü günorta saatlarında Britaniya Kolumbiyası əyalətində yerləşən Belkarra Regional Parkı ərazisində başlayıb və Enmor yaşayış məntəqəsində iki evin təxliyəsinə səbəb olub.
Daha 35 ev üçün mümkün təxliyə barədə xəbərdarlıq edilsə də, sonradan yanğına qarşı mübarizə ilə bağlı vəziyyətin yenilənməsi və insanların həyatı və təhlükəsizliyi üçün riskin azalması səbəbindən bu xəbərdarlıq ləğv edilib.
Məlumata görə, Belkarra Regional Parkı ərazisində yanğının sahəsi təxminən 1,5 hektar təşkil edir. Hazırda yanğın demək olar ki, tam lokallaşdırılıb.