Ermənistanın hazırkı prezidenti Robert Koçaryan vəzifədən getməyə hazırlaşmır. Bu barədə jurnalistlərə müstəqil deputat Manuk Qasparyan bildirib.
Trend agentliyi M.Qasparyana istinadən xəbər verir ki, prezident seçkilərinə il yarım qaldığı halda, R.Koçaryan hələ də siyasi dairələrdən xələfini seçməyib. "Əgər prezident səsvermədən sonra Ermənistanın baş naziri vəzifəsinə sahib ola bilsə, hakimiyyəti zəif siyasətçiyə verməyə çalışacaq ki, ona təzyiq göstərə bilsin" - deyə deputat qeyd edib.
O həmçinin deyib ki, belə bir vəziyyətdə, çox ehtimal ki, R.Koçaryan hakimiyyəti hazırkı müdafiə naziri Serj Sarkisyana ötürməyə can atmır. Eyni zamanda deputatın fikrincə, baş nazir Andranik Markaryan öz kürsüsündə heç 10 gün də qala bilməyəcək. "Ölkə siyasətində bu adamdan sadəcə istifadə edirlər" - deyə M.Qasparyan vurğulayıb. O əlavə edib ki, ən yaxşı halda dövlət başçısı üçün parlament fraksiyalarından birinin lideri və ya parlament spikeri vəzifəsi hazırlanıb.
M.Qasparyanın dediklərinə görə, Ermənistanda parlament seçkilərindən sonra Respublika Partiyasının birinci, "Çiçəklənən Ermənistan" Partiyasının - ikinci, "Milli Birlik "Partiyasının - üçüncü yerə çıxacağı gözlənilir.
2007-ci ildə Ermənistanda parlament seçkiləri keçiriləcək, 2008-ci ildə isə prezident seçiləcək. Bu barədə "ARKA" xəbər verib.