...

İran-Tacikistan əməkdaşlığı bölgənin inkişafına yönəldilib

Dünya xəbərləri Materials 26 İyul 2006 15:42 (UTC +04:00)

İran prezidenti Mahmud Əhmədinecad bu gün bəyan edib ki, "İran və Tacikistanın çoxplanlı əməkdaşlığı digər millətə və ya ölkəyə qarşı deyil, bölgənin inkişafına yönəldilib". O, Tacikistanın mərkəz və cənubunu şimal bölgəsi ilə birləşdirən strateji avtomobil yolunda İran tərəfindən qurulmuş avtonəqliyyat tunelinin açılış mərasimində çıxış edib.

Trend in İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, 5 kilometrlik tunel yüksək dağlıq yerdə olan Anzob aşırımındakı yolu 25 km qısaldır və il boyu yoldan istifadə etməyə imkan verir. İran bu layihəyə təxminən 28 mln. ABŞ dolları qoyub. İran inşaatçıları tuneli 1993-cü ildə tikməyə başlayıblar, lakin vətəndaş müharibəsi başladığından və vəsait çatışmadığından tezliklə tikinti beş il müddətinə "dondurulub".

Tacikistan prezidenti İmomali Raxmonovun sözlərinə görə, "Anzob tunelinin tikintisi respublikaya nəqliyyat dalanından çıxmağa imkan verir, buradan keçən yol isə bərpa edilmiş Böyük İpək yolunun bir hissəsi olacaq". O, "İran prezidentinin rəsmi səfəri ilə yeni geniş perspektivlər açan" ikitərəfli iqtisadi əməkdaşlığı yüksək qiymətləndirib.

Raxmonov qeyd edib ki, İran və Tacikistan bir gün əvvəl əməkdaşlığın gücləndirilməsi üzrə Birgə bəyanat, həmçinin Əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq üzrə memorandumların, həmçinin güzəştli ticarət üzrə hökümətlərarası sazişin, Turizm sahəsində əməkdaşlıq proqramının daxil olduğu sənədlər paketi imzalayıblar. Həmçinin Düşənbədə "fars telekanalı"nın açılışı haqqında ilkin razılıq əldə olunub.

Bu gün Mahmud Əhmədinecad üçtərəfli tacik-əfqan-İran görüşündə iştirak edəcək. Günün ikinci yarısında ikigünlük rəsmi səfərlə Düşənbəyə Hamid Karzay gələcək.

Xəbər lenti

Xəbər lenti