Google İnc. axtarış internet-sistemi və News Corp. Media şirkəti təxminən 900 mln. dollar dəyərində əməkdaşlıq haqqında uzunmüddətli müqavilə imzalayıb. Sazişin şərtlərinə əsasən, Google axtarış sistemindən MySpace.com şəbəkəsinin səhifələrində, həmçinin News Corp. -un bölməsi olan Fox İnteractive Media şirkətinin digər internet-resurslarında istifadə olunacaq. Google, öz növbəsində, reklamın yerləşdirilməsindən əldə edilən gəlirdən məbləğ ayıracaq.
Trend in RBK-ya istinadən verdiyi xəbərə görə, 2007-2010-cu illərdə daxilolmaların məbləği 700-900 mln. dollar təşkil edəcək və bu News Corp.-a ötən il MySpace şəbəkəsinin və İGN Entertainment İnc. Oyun onlayn-şirkətinin alınması ilə bağlı 1,2 mlrd. dollar həcmində xərcləri kifayət qədər tez ödəmək imkanı verəcək.
Öz növbəsində, bu saziş Google şirkətinə internetdə məlumat axtarışı bazarında əsas rəqibləri - Yahoo İnc. və MSN qarşısında öz mövqeyini möhkəmlətməyə imkan verəcək.
MySpace öz istifadəçilərinə müxtəlif pulsuz xidmət (forumlar, oyunlar, veb-jurnallar) göstərən və öz səhifələrində yerləşdirilmiş reklamdan qazanan sosial şəbəkədir.
comScore Media Metrix tədqiqat şirkətinin məlumatına görə, hazırda MySpace populyarlığına görə Yahoo-dan sonra ikinci internet-saytdır. Əsas hissəsi gənclərdən ibarət olan istifadəçilərin sayı təxminən 100 mln. nəfərdir. Bunların 90%-dən çoxu amerikalıdır.
2006-cı ilin birinci yarısına görə Google şirkətinin xalis gəliri 2005-ci ilin analoji dövrü ilə müqayisədə 712 mln. dollardan 1 mlrd. 313 mln. dollara qədər - 84,4% artıb. Bu halda cari ilin birinci yarısında, 2005-ci ilin birinci yarısı ilə müqayisədə, şirkətin mədaxili 2 mlrd. 641 mln. dollardan 4 mlrd. 710 mln. dollara qədər - 78% artıb.