...

Ukrayna XİN başçısı: "Ukraynanın dövlət sərhədinin faktiki demarkasiyası ilə bağlı qərar qəbul edilib"

Dünya xəbərləri Materials 18 Aprel 2007 11:13 (UTC +04:00)

Ukrayna, Kiyev /müx. " Z.Novosvitski/ Ukrayna xarici işlər naziri Arseni Yatsenyuk Moskvaya səfəri zamanı bəyan edib ki, Ukraynanın dövlət sərhədinin faktiki demarkasiyası ilə bağlı qərar qəbul edilib. Bu barədə o brifinqdə jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.

Eyni zamanda o qeyd edib ki, Azov dənizinin və Kerç boğazının delimitasiya məsələsində müəyyən problem mövcuddur və bu problem işçi qaydada həll olunacaq.

Bundan əlavə Yatsenyuk bəyan edib ki, Rusiya xarici işlər naziri Sergey Lavrovla Rusiya ilə Ukrayna arasında 1997-ci ildə dostluq və tərəfdaşlıq haqqında imzalanan baza müqaviləsinin yenilənməsi ilə bağlı işçi qrupun yaradılmasına dair ilkin anlaşma əldə edilib: "Ümumi rəyə görə, bu müqaviləyə yeni nəfəs lazımdır. Bu üzdən də tərəflər müvafiq sazişin yenilənməsi ilə bağlı işçi qrup yaratmaq qərarına gəliblər".

Yatsenyukun sözlərinə görə, XİN rəhbərləri həmçinin Qara dəniz donanmasının Krımdakı fəaliyyətinə dair məsələlərin müzakirəsi üçün görüş keçirməyi razılaşdırıblar: "Qərara gəldik ki, bu toplantı iki nazirin rəhbərliyi altında keçsin. Çünki texniki məsələlər uzun müddətdir müzakirə olunsalar da, həll edilməmiş qalır. İstəyirik ki, onlar yüksək səviyyədə müzakirə olunsun və biz maksimal şəkildə diqqətimizi onların effektiv həllinə yönəldək".

Ukrayna XİN başçısı onu da bildirib ki, prezident Viktor Yuşenkonun Rusiyaya səfərinin tarixi may ayında məlum olacaq. Yatsenyukun sözlərinə görə, bu məsələ hazırda gündəlikdədir və iki ölkənin müvafiq strukturları səfərin dəqiq tarixini müəyyənləşdirirlər.

Xəbər lenti

Xəbər lenti