Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycanda kənd yerlərində rəsmi qeydə alınmamış nikahlardan doğulan uşaqların sayının artması həmin yerlərdə maarifləndirmə işlərinin aparılmasına hələ də ehtiyacın olduğunu göstərir.
Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin məsləhətçisi Aynur Veysəlova jurnalistlərə bildirib.
A.Veysəlova deyib ki, artıq ailədə valideynlərin məsuliyyətinin artırılması ilə bağlı komitə tərəfindən hazırlanan qanun layihəsi qəbul olunub.
Komitə rəsmisi bunun nəticəsinin yaxın zamanlarda özünü göstərəcəyini də söyləyib: "Bəzən uşaqlar çox kiçik xuliqanlıq üstündə cinayətkarlara çevrilirlər. Amma bunun da kökündə valideyn məsuliyyəti dayanır. Buna görə də komitə valideyn məsuliyyətinin artırılması məsələsinə hər zaman diqqət ayırıb".