Azərbaycan, Bakı, 18 sentyabr /Trend/
Sentyabr 19-da saat 17:00-da Azərbaycan Milli İncəsənət Muzeyində Davud Kazımovun fərdi sərgisi açılacaq.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, muzeyin Niyazi küçəsi, 11 ünvanında yerləşən binasında keçiriləcək sərgidə rəssamın 60-a qədər əsəri nümayiş olunacaq.
Azərbaycanın xalq rəssamı Davud Kazımov 1926-cı ildə Bakıda anadan olub. Sənətin sirlərini ilk olaraq rəssamlıq dərnəyində Azərbaycanın xalq rəssamı Kamil Xanlarovdan alan sənətkar, 1945-ci ildə Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirib, 1947-ci ildən isə respublika və ümumittifaq sərgilərinin daimi iştirakçısıdır. Yaradıcılığının erkən dövrlərində çəkdiyi ilk əsərləri "Zuğulba", "Dəniz sahili" kiçik həcmli lirik mənzərələri səmimi, incə koloriti ilə seçilir.
Fırça ustasının yaradıcılığında əmək mövzusu əsas yerlərdən birini tutur. Sonrakı illərdə respublikamızın kənd və rayonlarına səfərləri, zəhmət adamlarının qadir əlləri ilə yeni vüsət alan doğma diyarımızın gözəlliyi, xüsusilə, Masallı, Lənkəran və Astara bölgələrində yaşayan insanların həyat tərzi, adət-ənənələri, etnoqrafik özəllikləri, rəngarəng milli geyimləri rəssamın əsl ilham mənbəyi olub.
Bu səfərlərindən gətirdiyi bir sıra etüdləri əsasında işlədiyi əsərlər dəfələrlə respublika və ümumittifaq sərgilərində sənətsevərlərin böyük rəğbətini qazanıb. "Xəzərin təkində", "Sağıcılar", "Yollar" və başqa əmək adamlarına həsr olunmuş əsərlərində rəssamın öz təbiətinə xas səmimiyyəti, insanlara məhəbbəti rənglərin dili ilə inandırıcı təsir bağışlayır.
Davud Kazımov Azərbaycan təsviri sənətində istedadlı qrafika ustası kimi də tanınır. O, kitab illüstrasiyası sahəsində daha çox çalışıb. Onun illüstrasiyaları arasında Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlının hekayələrinə, Mirzə Əli Möcüzün şeirlərinə çəkilmiş rəsmləri ayrıca qeyd olunmalıdır. Cənubi Azərbaycanın satirik şairi Mirzə Əli Möcüzün şeirlərinə çəkilmiş rəsmlər kəskin publisistik təsvir dili, obrazların dinamikliyi, daxili gərginliyi və dramatizmi ilə seçilir.
Əfsanəvi "Neft daşları"nda xarüqələr yaradan Xəzər neftçilərinin romantik həyatı, fədakar əməyi rəssamın sevimli mövzularından biridir. O, dəfələrlə dəniz şəhərində müşahidələrini rəsm albomuna köçürüb, etüdlər edib. Bütün bunlar sonralar süjetli tablolara, mənzərələrə, portretlərə çevrilib.
Davud Kazımov bir çox xarici ölkələrdə yaradıcılıq ezamiyyətlərində olub. Rəssam 1979-cu idə Bolqarıstanda, 1980-ci ilin sonunda İspaniyada səfərdə olub, bu səfərlərin nəticəsi olaraq, yaradıcılığında xüsusi yer tutan "Bolqarıstan silsiləsi" və "İspaniya silsiləsi"nə daxil olan əsərlərini yaradıb.
Xalq rəssamının əsərlərinin "səyahət çoğrafiyası" genişdir: Almaniya, Çexslovakiya, İtaliya, İraq, Türkiyə və başqa ölkələr.
Hazırda rəssamın bir sıra əsərləri Azərbaycan Milli İncəsənət muzeyi, Milli Azərbaycan Tarixi muzeyi və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat muzeyində nümayiş etdirilir.
Davud Kazımov Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professorudur və rəngkarlıq fakültəsində pedaqoq kimi fəaliyyət göstərir.