...

Strasburqda Avropada təhsil alan Azərbaycan gənclərinin beynəlxalq forumu öz işinə başlayıb (ƏLAVƏ OLUNUB) (FOTO)

Cəmiyyət Materials 11 Mart 2011 23:51 (UTC +04:00)

Təfərrüatlar əlavə olunub (ilk xəbər cümə günü saat 20:43-də yayılıb)

Azərbaycan, Bakı, 11 mart /Trend/

Xaricdə Təhsil Alan və Məzun olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu (ASAİF) 11 mart tarixində Strasbuq şəhərində "Azərbaycan 20-Baxış 2020" başlığı altında başladı. Bu barədə Trend-ə Azərbaycan Gənclər və Idman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova bildirib.

Tədbirin qeyri-rəsmi açılışı martın 11-də Avropa Gənclər Mərkəzində ASAIF sədri Orxan Əkbərov , millət vəkili Ceyhun Osmanlı , Gənclər və İdman Nazirliyinin şöbə müdiri Fərhad Hacıyev , Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vaqif Seyidbəyli və ASAIF həmtəsisçilərinin çıxışları və daha sonra davam edən sual-cavabla başlayıb.

"Azərbaycan üçün Birlik, Qarabağ üçün Birlik" devizi altında keçirilən forumun rəsmi açılışı isə Avropa Şurasının Parlament Assambleyasında baş tutub.

Forumu ilk olaraq açan ASAİF təşkilatının sədri Orxan Əkbərov bu gün 25 ölkədən 150-dən artıq tələbənin bir araya gəldiyini qeyd edərək, bütün forum iştirakçılarına uğur arzu etdi.

Daha sonra söz gənclər və idman naziri Azad Rəhimova verildi. Nazir çıxışının əvvəlində Macarıstan, Böyük Britaniya, Niderlandda çalışan Azərbaycan səfirlərini, Amerika Birləşmiş Ştarlarının Los Ancelesdəki konsulunu və tədbirdə iştirak edən bir sıra dövlət məmurlarını salamlayıb, onlara tələbələrlə görüşə gəldikləri üçün təşəkkkürünü bildirdi. Daha sonra nazir tədbirin Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü ərəfəsində keçirildiyinin önəmindən danışaraq, bu müddət ərzində Azərbaycan tələbələrinin qazandıqları uğurlardan söz açdı. Nazir bu gün artmaqda olan Azərbaycan gənclər təşkilatları, ölkəmizi 30-dan artıq beynəlxalq təşkilatda təmsil edən gənclərimiz və onların qazandıqları uğurlardan danışdı.

Azad Rəhimov bildirib ki, bu gün müxtəlif ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin Azərbaycanımızın parlaq gələcəyi uğrunda informasiya müharibəsində daim qalib gəlmələri istiqamətində onların savadlı və geniş dünyagörüşünə malik olmaları böyük önəm daşıyır.

"Məhz keçirilən bu forumlarda siz bir araya gəlməklə bərabər, eyni zamanda möhkəm əlaqələr qurub, ölkəmizin tanıtımı istiqamətində layihələr də işləyə bilərsiniz", nazir qeyd edib.

AŞ Nazirlər Komitəsinə sədrlik edən Türkiyənin AŞ yanındakı daimi nümayəndəsi Dəryal Batıbəy öz çıxışında toplantıya uğurlar arzulayıb, toplantının tələbələr arasında müzakirə və əlaqələr üçün münasib fürsət olduğunu qeyd etdi.

Daha sonra söz Avropa Şurası Gənclər , İdman və Mədəniyyət komitəsinin sədri Qabriela Battaniyə verildi. Xanım Battani bildirdi ki, Azərbaycan Boloniya prosesinə qoşulub və bununla bağlı ölkədə böyük beynəlxalq konfrans keçiriləcək. Azərbaycan və xaricdə təhsil alan tələbələr bu konfransa ciddi hazırlaşmalıdırlar. Battani çıxışında qeyd etdi ki, 2010-cu ildə Avropa Şurasının 1974-cü ildə təsis olunmuş Gənclər Mərkəzi yenidən bərpa edilib ki, mərkəzin yenidən qurulması işində Azərbaycan da yardım göstərib. Təkcə bu mərkəzdə ildə 2 min gənc müxtəlif təlimlər keçir.

Xanım Battani Azərbaycanın bu gün uğurlu siyasətini xüsusi olaraq vurğulayıb, Azərbaycanlı gənclərin müxtəlif ölkələrdə təhsil almalarınında aparılan işlərin önəmindən danışıb, bu faktı müsbət qiymətləndirdi.

Qabriella Battani bilidirib ki, bu gün Avropa Şurasında keçirilən tədbir siz gənclər üçün əlaqələrin qurulması, yeni ideyaların həyata keçirilməsi istiqamətində önəm daşıyır.

"Təhsil aldığınız ölkələrdə öyrəndikləriniz elmi bilikləri məhz öz ölkənizdə tətbiq edin, daim yenilik gətirin. Peşəkar olmaq azdır. Siz eyni zamanda öyrəndiklərinizi öyrətməyi də bacarmalısınız", - Battani qeyd edib.

Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndəliyinin sədri Səməd Seyidov öz çıxışında Azərbaycanın gələcəyinin Azərbaycan gənclərinin öz əlində olduğunu bildirdi.

Səməd Seyidov qeyd edib ki, bu gün gəncliyin sözünə, gəncliyin səsinə önəm verilməlidir.

Səməd Seyidov çıxışında forumun gənclərin ünsiyyəti sahəsində önəm daşıdığını və düşünən beyinlərin, xaricdə təhsil alan tələbələrin ölkəmizdə həyata keçirilən layihələrə cəlb olunmasının mahiyyətindən də söz açdı.

Daha sonra söz Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlili və informasiya təchizatı şöbəsinin müdiri Elnur Aslanova verildi. Şöbə müdiri təhsil alıb ölkəmizə qayıdan hər bir gəncə bu gün böyük ehtiyac duyulduğunu, onların ölkənin gələcək inkişafında əhəmiyyətli rol oynayacaqlarını bildirdi.

"Demokratiya - ölkəyə qayıdan hər bir gəncin işləməyə başladığı, çalışdığı sahəyə yenilik gətirdiyi andan başlayır. Demokratiya - şüur transformasiyasının norma və stereotipləridir", - Aslanov deyib.

Aslanov Azərbaycanımızda davam edən iqtisadi inkişafın nəticəsində bu gün minlərlə gəncin Azərbaycan hökuməti hesabına xaricdə təhsil aldığını qeyd etdi .

"Azərbaycan gəncləri bu gün real işlərlə məşğul olmalıdır. Ölkəsini düşünən gənc təxribata uymamalıdır. Hər bir Azərbaycanlı gənc təhsil alıb, azərbaycan gerçəkliklərini dünyaya çatdırmalıdır" deyə o, bildirib.

Forumda daha sonra Dövlət Neft Fondunun prezidenti Şahmar Mövsümov, təhsil nazirinin müavini Elmar Qasımov, Dövlət Qulluğu Məsələləri üzrə komitəsinin sədri Bəhram Xəlilov, Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəliyinin sədri Arif Məmmədov, TÜRKPA-nın baş katibi Ramil Həsənov və başqaları çıxış edib, xaricdə təhsil alan Azərbaycanlı gənclərin gələcək Azərbaycan uğrunda önəmli rolundan danışdılar.

Açılışda eyni zamanda qonaq qismində millət vəkilləri Ceyhun Osmanlı, Sabir Hacıyev və Fuad Muradov, Azərbaycanın Böyük Britaniya, Niderland və Macarıstandakı səfirləri, Azərbaycanın Los-Ancelesdəki baş konsulu, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Prezidenti Administrasiyasının nümayəndələri Həsən Məmmədzadə və Fərhad Məmmədov, Xəzər Universitetinin sabiq rektoru Hamlet İsaxanlı, ADA təmsilçisi Fariz İsmayilzadə, AFFA-nın baş katibi Elxan Məmmədov, Trend BİA-nın və Day.az internet-portalının baş direktoru İlqar Hüseynov, Day.Az Radio-nun direktoru Zaur Darabzadə, APA, News.az informasiya agentliklərinin rəhbərləri, özəl sektordan NOVCO şirkətlər qrupunun prezidenti Fərid Novruzi, "Qarant Sığorta" şirkətinin direktoru Vaqif Həsənov, Mərkəzi Bankın şöbə müdiri Rüfət Abbasov, "İrəli" İctimai Birliyinin baş katibi Rauf Mərdiyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov və digər qonaqlar iştirak edib.

Forumunun ikinci hissəsi Azərbaycanın Rusiyadakı Gənclər Təşkilatının (AMOR) sədri Leyla xanım Əliyevanın forum iştirakçılarına müraciəti və təbrik məktubunun oxunması ilə başlandı. Daha sonra AMOR-un nümayəndəsi forum iştirakçılarına təşkilatın yaranması və onun fəaliyyəti barədə məlumat verdi.

Forum Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən "Qarabağ" fondunun nümayəndəsi Tural Kərimlinin çıxışı ilə davam etdi. Fond nümayəndəsi bu gün Qarabağ həqiqətlərinin dünyaya tanıtması baxımından xaricdə təhsil alan Azərbaycanlı tələbələrin görə biləcəyi önəmli işlərdən söz açdı.

Daha sonra forum iştirakçılarına Xocalı faciəsini özündə əks etdirən və bir gəncin gözü ilə dünyaya çatdıran "Qaçqın Anar Usubovun "Uzun yolçuluğu"" filminin təqdim olundu.

Bunula da konfransin ilk günü öz işini bitirdi.

Foto - Gənclər və Idman Nazirliyi

Xəbər lenti

Xəbər lenti