...

Mübariz Qurbanlı: “Azərbaycanı istəməyən qüvvələr ölkəmizin bütün sahədə uğurlarına kölgə salmaq üçün hər vasitəyə əl atır”

Baku 2015 : EUROGAMES Materials 11 İyun 2015 10:20 (UTC +04:00)
“Bakı-2015”ə hazırlıq ən yüksək səviyyədə başa çatıb. Qısa zaman kəsiyində müxtəlif idman növlərinə aid beynəlxalq standartlara cavab verən idman infrastrukturunun yaradılması rekord göstərici hesab olunur.
Mübariz Qurbanlı: “Azərbaycanı istəməyən qüvvələr ölkəmizin bütün sahədə uğurlarına kölgə salmaq üçün hər vasitəyə əl atır”

Azərbaycan, Bakı, 11 iyun /Trend/

"Bakı-2015"ə hazırlıq ən yüksək səviyyədə başa çatıb. Qısa zaman kəsiyində müxtəlif idman növlərinə aid beynəlxalq standartlara cavab verən idman infrastrukturunun yaradılması rekord göstərici hesab olunur. Trend-in məlumatına görə, bunu "Azərbaycan" qəzetində yazısında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı deyib ki, lakin bütün bu uğurlara kölgə salmağa çalışan dairələr yenə çirkin niyyətlərindən çəkinmirlər: "Azərbaycan dövlətinin Ermənistan istisna olmaqla bütün dövlətlərlə ikitərəfli əmakdaşlıq münasibətləri mövcuddur. Ölkəmizin hazırda 150-dən çox dövlətlə ticari-iqtisadi əlaqələri var. Ancaq bu dövlətlərin içərisində həm erməni lobbisi ilə əlaqəsi olan siyasətçilər, həm də bütünlükdə Azərbaycanın sürətli inkişafını həzm etmək istəməyənlər mövcuddur".

Komitə sədri hesab edir ki, bir qrup isə Azərbaycanın islam dünyasında bir nümunəvi ölkə kimi görünməsini istəmir: "Azərbaycan və Türkiyə kimi dövlətlərin islam dünyasında dünyəvilik baxımından nümunə rolunda çıxış etməsi bəzi dairələri narahat edir. Onlar çalışırlar ki, öz məkanlarında islam dünyasını "qara rəngdə" göstərsinlər. Çünki bu gün islam dünyası ilə sanki bir rəqabət aparırlar. Bu rəqabət isə özünü Avropanın əhalisində də göstərir. Bu gün Avropanın əhalisinin 5 faizi müsəlmandırsa, 10 ildən sonra 10 faizə qalxacaq və getdikcə artacaqdır. ABŞ-da da İslamı qəbul edənlərin sayı durmadan artır. Bu isə həmin qrupları narahat edir.
Ancaq əksər dövlətlər Avropa Oyunlarının Azərbaycanda keçirilməsini dəstəkləyir və bunu müsbət qiymətləndirirlər. Rusiya Prezidenti Vladimr Putin məxsusi olaraq I Avropa Oyunları ilə bağlı toplantı keçirərək Azərbaycana gələcək idmançılara öz tövsiyələrini verib".

M.Qurbanlının sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin bu uğurundan narahat olanları qruplara bölərək üç istiqamət müəyyənləşdirib: "Bunlar düşmən ölkə Ermənistan, erməni lobbisi və ölkə daxilində olan "beşinci kolondur". Erməni lobbisinin fəaliyyəti bəllidir. Azərbaycan əleyhinə istənilən çirkin kampaniyaya dəstək vermək, maliyyələşdirmək, ölkəmizi gözdən salmaq üçün müxtəlif yollara əl atmaq erməni lobbisinin fəaliyyət istiqamətidir. "Beşinci kolon" isə özünə "nə qədər pis olarsa, bizim üçün yaxşıdır" fikrini deviz seçib. Bu qüvvələrə xidmət edən mətbu orqanların Avropa Oyunlarını gözdən salmaq üçün əl atmadıqları çirkinliklər qalmayıb. Adi məişət hadisəsini, təbii qəzaları şişirdərək baş verənləri Avropa Oyunlarına bağlamağa çalışırlar. Məqsədləri isə hər kəsə bəllidir. Avropa Oyunları ərəfəsində Azərbaycanı gözdən salmaq, ölkə haqqında mənfi fikir yaratmaq üçün hər şeyə hazırdırlar.
Bir vaxtlar Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri ilə bağlı razılaşmalar əldə edildikdən sonra Qərb mətbuatında bu layihənin baş tutmayacağı barədə yazılar dərc edilirdi. Bu neft kəmərini nağıl, əfsanə adlandırırdılar və Azərbaycanın 50 milyon ton nefti verə bilməyəcəyi söylənilirdi. Məqsədləri bəlli idi və Azərbaycanın təbii ehtiyatlarının Avropaya çıxarılmasının qarşısını almaq üçün istənilən vasitələrə əl atırdılar. Ancaq Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin həyata keçirdikləri uğurlu siyasi fəaliyyət nəticəsində Azərbaycan nəyə qadir olduğunu sübut etdi. Bu gün isə nəinki Bakı-Tbilisi-Ceyhan layihəsi fəaliyyət göstərir, hətta yeni neft kəmərinin çəkilişinə də böyük ehtiyac duyulur. Çünki Xəzər dənizinin neft və qaz ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün ən əlverişli marşrutlar var. Bütün bunlar göstərir ki, Azərbaycanı istəməyən qüvvələr ölkəmizin istənilən sahədə uğurlarına kölgə salmaq üçün hər vasitəyə əl atır və sonda da təbii olaraq istəklərinə nail ola bilmirlər. İndi isə qarşıdan gələn Avropa Oyunları ilə bağlı "gözdən-salma" kampaniyası aparırlar. Ancaq hesab edirəm ki, istənilən çirkin kampaniyanın aparılması əbəsdir. Çünki Azərbaycan istənilən idman yarışına necə ev sahibliyi etməyə qadir olduğunu göstərib".

M.Qurbanlı əmindir ki, Azərbaycan dövləti kimi idmançılarımız da I Avropa Oyunlarında qələbələri ilə fərqlənəcək, ölkəmizin uğurları dünyaya yayılacaq: "Azərbaycanda keçirilən I Avropa Oyunları bir sıra ilklərə imza atacaq. Həqiqətən də, gələcəkdə harada keçirilməsindən asılı olmayaraq Azərbaycandakı Avropa Oyunları bir standart, nümunə kimi seçiləcək. Yay Olimpiya Oyunları ilə bağlı standartlar artıq mövcuddur. Ancaq Avropa Oyunlarını ikinci keçirəcək dövlət mütləq Azərbaycan təcrübəsindən yararlanacaq. Ona görə də "Bakı-2015" bizim üçün qürurverici hadisədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti