Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir Maksim Tsurkov/
I Avropa Oyunları kimi idman tədbirləri yarış iştirakçılarına və izləyicilərinə Azərbaycanı daha yaxından tanımaq üçün imkan yaradır. Bu barədə Trend-ə I Avropa Oyunlarını izləyən almaniyalı idman azarkeşi Klaus Qrisser deyib.
O bildirib ki, Bakıda Olimpiya abu-havası var: "Sanki Olimpiya Oyunlarına gəlmişəm. Hər şey çox gözəl təşkil olunub, bayram ab-havası var. İlk dəfədir Bakıdayam və şəhər çox xoşuma gəldi. Təəssüflər olsun ki, Azərbaycan Avropada çox az tanınır. Lakin "Avroviziya" müsabiqəsi və Avropa Oyunları kimi tədbirlər ölkəni daha yaxından tanımaq üçün bizlərə imkan yaradır".
K.Qrisser qeyd edib ki, I Avropa Oyunlarının açılış mərasimini televizordan izləyib: "Stadionda olmadığım üçün çox heyfsilənirəm. Bu möhtəşəm şou idi. Bu gün isə Milli Gimnastika arenasına komandamıza azarkeşlik etmək üçün gəlmişik. Yaradılan şəraitdən çox məmnunuq. Digər idman növləri üzrə yarışlarda da iştirak etməyi planlaşdırıram".