Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir Elçin Mehdiyev/
"Birinci Avropa Oyunlarının bütün aspektləri möhtəşəm idi, hər şey uğurla başa çatdı". Trend-in məlumatına görə, bu barədə Avropa Olimpiya Komitəsinin Prezidenti Patrik Hikki bu gün Avropa Oyunlarına həsr edilmiş yekun mətbuat konfransında deyib.
P.Hikki vurğulayıb ki, istər Oyunların keçirilməsi, istərsə də Atletlər kəndi ilə bağlı heç bir şikayət daxil olmayıb.
P.Hikki həmçinin medianın fəaliyyətini də yüksək dəyərləndirib. O bildirib ki, Oyunlarda 900 xarici jurnalistin akkreditasiyadan keçirilməsi də Oyunların əhəmiyyətini göstərdi.
Onun sözlərinə görə, Azərbaycan Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək bacarığında olduğunu təsdiqlədi: "Avropa Oyunlarını gələcəkdə Bakı 2015-in standartlarına uyğunlaşdıracağıq".