...

Farmazonluq, gözəllik keçicidir, qalan musiqilərdir – Röya (FOTO)

Mədəniyyət Materials 13 Dekabr 2010 13:42 (UTC +04:00)
Farmazonluq, gözəllik keçici bir şeydir, qalan musiqilərdir.
Farmazonluq, gözəllik keçicidir, qalan musiqilərdir – Röya (FOTO)

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir Ş.Cavadsoy/

Bu gün axşam saat 22:00-dan etibarən (13 dekabr), "Lider TV" ekranlarında, "M Group Production"ın hazırladığı, sayca 11-ci dəfə start götürəcək ən qalmaqallı və reytinqli "Maşın" realiti şousunun yəqin ki, elə ən qalmaqalı iştirakçılarından biri də müasir gənclərin idealı hesab edilən müğənni Röya Ayxan olacaq. Nəzərə alsaq ki, 18 iştirakçı arasında, Röyanın münasibətlərində dost, yoxsa düşmən olduğu tam bilinməyən xalq artisti Aygün Kazımovanın da adı var, demək müəyyən qalmaqalların olacağı qaçılmazdır. Trend-ə müsahibəsində Röya "Maşın-şou"ya qatılmamışdan öncə danışdı, nə danışdı. Növbəti dəfə Kazımova haqqında çox maraqlı açıqlamalara imza atan müğənni, əvvəlcə hamiləliyinin ilk aylarını yaşamasına baxmayaraq, ən mübariz iştirakçılarından biri olacağına vəd verdi:

- Bu şouda bir dəfə iştirakçı olmuşam və bilirəm ki, qırğın salanlar həmişə qruplaşma ətrafında toplananlar olur. Özləri dava salırlar, sonra da çəkilib kənarda dayanırlar. Amma maşını udmaq istəyirəm. Qalib gəlsəm, avtomobili nə edəcəyim maraqlıdırsa deyim, qoyacağam həyətimə - digər maşınlarımın yanına. İstəyirəm maşını qazanım. "İnfiniti" markalı avtomobilim yoxdur, inanın.

- Röya, amma Murad Dadaşov Trend-ə açıqlamasında demişdi ki, iştirakçıların hamısı "revanş" adlanan 11-ci buraxılışda, məhz onunla mübarizəyə, daha dəqiq desək, Muraddan heyiflərini çıxmağa qatılırlar.

- Xeyr, mənim Murad Dadaşovla heç bir ədavətim yoxdum. Həm də o, mənim oğlumun kirvəsidir. İş sferasında heç bir qohumluq əlaqələri qüvvədə ola bilməz.

- Maraqlı budur ki, Aygün Kazımova ilə eyni maşına görə mübarizə aparacaqsınız. Elə də uzaq olmayan keçmişdə maqazin verilişlərinin birində ikiniz də müsahibə verdiniz və o, sizi fanatı kimi tamaşaçılara təqdim etdi. Hətta sizə görə dəfələrlə mobil nömrəsini dəyişdiyini də söyləmişdi. Hesab etmirsiniz ki, şouda iştirakınız müddətində o, bu missiyasını davam etdirər və sizi canlı yayımlarda özünün fanatı kimi təqdim edər.

- Çoxlarına məlumdur ki, Röya özü hər ay mobil nömrəsini dəyişir. İşim-gücüm qurtarıb ki? Tamaşaçı özü efirə baxanda hər şey açıq-aşkar görür. Kim necə istəyir, Aygün Kazımova ilə olan münasibətlərimizi özlüyündə çözür.

- "W trio" qrupunda eyni vaxtda səhnəyə qədəm qoyduğunuz Natavan Həbibi "Qrand" mükafatının təqdimat mərasimində səhnədə Aygün xanıma etdiyi jestə görə çox peşman olub. Həmin vaxt o, səhnədə Aygün xanımı çox istədiyini desə də, bugünlərdə verilişlərin birində olduqca kəskin açıqlama verib, Kazımovadan qorxmadığını söyləyib.

- Qorxmağa gələndə, əstəğfürullah Allah deyil ki, kimsə Aygün Kazımovadan qorxsun. Natavanın səmimiyyətini normal başa düşmək lazımdı. Aygün xanım sual vermişdi ki, siz məni çox istəyirsiniz? Natavan nə deməliydi? Deməliydi ki, yox xətrinizi istəmirik? Baxın, əgər qarşı tərəf, özündən yaşca kiçik olan birisinin sözlərini şişirdirsə, bu balacanın günahı deyil. Yadınızda saxlayın, böyük nə tökəcəksə, balaca da onu yığacaq. Bunu unutmayın. Özümə gəldikdə isə mən istədiyimi elədim. Çoxlarının ağzını yumdum. Səmimi sözümdür, çoxları istəyərdi, mənim də yolumu bağlasın. Sadəcə istəkləri alınmadı. Çünki, mən oxuyurdum. Mən lazım idim hamısına. Kimsə-kiminsə otağına girib, mənə görə qadağa tətbiq olunmasını istəyirdi. Bəli, razılaşıram, qadağaya məruz qalırdım, amma bir günlük. Sonra, Röya lazım idi axı. Öz şad günlərində, məclislərində Röyanı görmək istəyirlər. Sözümün canı odur ki, axır-əvvəl sənət hər şeyi üstələyir. Farmazonluq, gözəlik, hər gün efirdə görünmək keçici bir şeydir. Yaddan-çıxıb gedir nə vaxtsa. Qalan ifa olunmuş musiqilər olur ancaq. Misal göstərə bilərəm, toy oxumağa gedirəm, şəkil çəkdirən insanlar öz sevgilərini dilə gətirirlər. Səsimin vurğunu olmaqları eşitdiyim ilk kəlmələr olur. Amma mənə demirlər ki, necə gözəlsən, adamın sənə baxanda ağlı başından çıxır. Çox eşitdiyim bir kəlmə olur, sənə qulaq asanda ağlayıram. Sən mənim, bütün dərdimi bölüşürsən, sən mənim həyatımın yarısısan. Bu mənim üçün bəsdir. Niyə? Ona görə ki, oxuyuram. Lap 20 il ötsə də, qəşəngliyim də qalmasa, maşınalarım da çoxalsa, ildə bir dəfə də efirə çıxsam, mən sadəcə oxuyacağam. Qulaq asanlar deyəcəklər ki, vay-vay, necə darıxmışdıq bu səs üçün. Ona görə ki, səsimdəki xışıltını bir də heç kimdə eşitməyəcəklər.

- Bəlkə, ilk gündən zəif nöqtələrinizi, mülayim xasiyyətinizi bir kənara qoyub, tamaşaçılara səslənib deyəsiniz ki, Aygün xanımla rəqibsiniz və aranızda sırf avtomobil uğrunda mübarizə olacaq, başqa heç nə.

- Zəif nöqtələrimi göstərmərəm, təbii ki. Amma etiraf edirəm, nə qədər kobud adam olsam da, özümdən böyüyə hörmət edənəm. Bunu mənim bütün dostlarım təsdiqləyər. Lap yaşda məndən böyüklə aramızda dava da olsa, sözləri dilimdən çıxarmamışdan öncə donub-qalıram. Ürəyimdən keçən acıqlı sözləri necə deyim axı ona? Daha fikirləşmirəm ki, qarşımdakı az əvvəl hansı sözləri ünvanıma deyib. Aygün indi qapını açıb içəri girəcəksə, mən ayağa qalxacam, çünki o, böyükdür. İstəyir, nə qədər məni söysün, içimdə özünə kin yaratsın, amma böyüyə hörmət məndə ömrümün axırına kimi davam edəcək. Əlimdə siqaret də olsa, tullayacağam bir kənara. İnanmıram ki, şou zamanı Aygün Kazımova ilə aramızda nəsə baş verə.

Xəbər lenti

Xəbər lenti