Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir Ş.Cavadsoy/
Nəhayət ki, minlərlə tamaşaçının böyük həvəslə gözlədiyi, Azərbaycanın ilk realiti-şousu olan "Maşın-şou" 11-ci dəfə "Lider TV" ekranlarında nümayiş olunmağa başladı. "M Group Production"ın hazırladığı qalmaqallı və reytinqli şounun dünən ilk günü xüsusi təmtəraqla yadda qaldı. "Maşın-şou"nun iki saat canlı yayımlanmasını nəzərə alıb, tam təfərrüatı ilə orada baş verənləri təkrarən diqqətinizə çatdırmaq niyyətində deyilik. Sadəcə fotosessiya edərək və reklam fasilələrində görüb eşitdiklərimizi Sizinlə bölüşürük. Saat 22:00-da start götürən 11-ci "Revanş" sürətinə sayılı dəqiqələr qaldığı vaxtda, studiyadakı tamaşaçılarla xeyli zarafatlaşan şounun müəllifi və aparıcısı Murad Dadaşov publikadan alqış almaqdan ötrü şou həvəskarlarına bu sözlərlə səsləndi: "Elə bilin ki, "Elgizin cümə axşamları" verilişinə qonaq gəlmisiniz".
Şoumen bu sözləri deməklə xeyli istəyinə çatdı. Tamaşaçıların güldüyünü görən Murad daha sonra "Lider TV"də "Tap dostum" verilişinin aparıcısı, müğənni Rəhimlinin bostanına daş atdı: "Əladır da, əvvəlcə verilişin adı "Dostum" oldu, sonra "Oxu dostum", indi də "Tap dostum". Bir azdan da yəqin ki, "Tut dostum", sonra isə "Qurd dostum" adı ilə efirə çıxar".
Duzlu-məzəli sözlərini canlı yayım başlayandan sonra da davam etdirən Murad şouda mübarizə aparacaq 18 məşhuru sıra nömrəsi ilə studiyaya dəvət etdi. Siyahı ilə bir də tanış olun: Aşıq Əli Quliyev (Əli Tapdıqoğlu), müğənnilər Vasif Məhərrəmli, Nadir Qafarzadə, yumorist Müşviq Şahverdiyev (Müşviq Tumurcuq), rejissor Kənan Mahmudov (M.M), müğənni Abbas Bağırov, prodüser Tarix Əliyev (Mister Tolik), müğənni Röya Nəcəfova (Ayxan), skripkaçı Ceyhun İsmayılov (Maestro Ceyhun), müğənni Günel Ələkbərova (Pişik Günel), meyxanaçı Rəşad Əmirov (Rəşad Dağlı), müğənni, xalq artisti Aygün Kazımova, model Nigar Talbova, dj Aynur Talıbova, rejissor Aqil M.Quliyev, müğənnilər Teymur Əmrah, Rəqsanə İsmayılova və KVN aktyoru Vado Korovindir.
Revanşın 6-cı iştirakçısı olan müğənni Abbas Bağırov səhnəyə çıxdığı zaman realiti-şounun muzeyinə çox qəribə bir hədiyyə bağışladı. "Maşın-şou"ya qatıldığı zaman geyindiyi maykasını hələ də təzə kimi qoruyub saxlaması elə Muradın özünü də təəccübləndirdi. Sözsüz ki, "şounun ən favorit iştirakçıları kimdir" sualı səslənəndə ağla gələn ilk iştirakçılar xalq artisti Aygün Kazımova ilə müğənni Röya Ayxandır. Gözlənildiyinin əksinə olaraq, onlar studiyaya gəldikləri zaman çox mehriban münasibətdə olduqlarını sərgilədilər. Bolluca söhbətləşib, gülüb danışdılar.
"Revanş" sürətinin xüsusi qaydaları da diqqətimizdən yayınmadı. Belə ki, şounun gedişatında gün ərzində ən çox səs toplayan bir iştirakçı "Günün lideri" olmaq şansı qazanacaq. Və bu da o deməkdir, o, həmin gün şouda toxunulmazlığını qoruyub saxlayacaq.
Şounun bitməsinə 5-6 dəqiqə qalmış Dadaşov iştirakçıların hər birini maşının ətrafına topladı və "qonq" səsindən sonra avtomobil uğrunda mübarizəyə başlanıldı. 18 ulduzun üz cizgilərindən asanlıqla oxumaq olardı ki, onların hər biri maşına sahib çıxmaqdan ötrü "qırğınlar törətməyə" tam hazırdırlar. Nə deyirik, oyunçu aparsın.