...

Azərbaycanlı müğənni Madonnanın prodüserindən dəstək alıb (FOTO)

Mədəniyyət Materials 17 Dekabr 2010 17:55 (UTC +04:00)
Azərbaycanlı müğənni Madonnanın prodüserindən dəstək alıb
Azərbaycanlı müğənni Madonnanın prodüserindən dəstək alıb (FOTO)

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir Ş.Cavadsoy/

Latviyanın paytaxtı Riqa şəhərində "World Media Alliance Maks TV USA - MAKS TV EU" şirkətinin təşkilatçılığı ilə keçirilən ənənəvi "Atlantic Breeze 2010" festivalında uğurlu çıxışına görə gənc müğənni Tural Atayev "For successful participation" ("Ölkəsinin ən uğurlu təmsilçisi") nominasiyasında laureat olub. Bu günlərdə Bakıya dönən Tural Atayev təəssüratlarını Trend-in oxucuları ilə bölüşüb.

"Festivalda Azərbaycan adından uğurla çıxış etdiyimə görə çox şadam. 14 Avropa ölkəsindən gələn iştirakçılar arasından mən də seçildim. Və "Ölkəsinin ən uğurlu təmsilçisi" fəxri diplomuna layiq görüldüm. Qeyd edim ki, Riqaya xanım həmkarım Aynur İsgəndərli ilə birgə getmişdim. Və bizə dəstək olsun deyə, Azərbaycanın xalq artisti, tanınmış tarzən Zamiq Əliyev və tanınmış bəstəkar-aranjimançı Vaqif Gərayzadə də mötəbər festivala fəxri qonaq kimi qatılmışdılar. Aynur da "Best vokal" ("Yaxşı vokalçı") nominasiyasında qalib oldu", - Atayev deyib.

Onun sözlərinə görə, münsiflər heyətinin tərkibi çox tanınmış simalardan ibarət idi. Münsiflər heyətinə rəhbərlik etmək isə dünyaca məşhur prodüser və bəstəkar Bryus Lava həvalə olunmuşdu.

"O, pop-diva Madonna, Stiv Under, Elton Con, eləcə də mərhum Mayk Ceksonla əməkdaşlıq edib. Bir sözlə, Bryus Lav dünya şou-biznesində çox tanınmış bir insandır. Münsiflər heyətinin təşkilatçısı Marite Veitnere idi ki, bu xanım da Avropada çox populyar olan "Yurmola", "Novoe Volna" kimi nüfuzlu festival və müsabiqələrin təşkilatçısıdır. Mənim üçün çox böyük şərəf oldu ki, hər iki peşəkar insanla şəxsi tanışlığım oldu. İkisi də səsimi bəyəndiklərini söylədilər və bundan sonra dəstək olacaqlarını açıqladılar. Onların dilindən barəmdə müsbət fikir eşitməyin mənim aləmimdə nə demək olduğunu sözlərlə izah edə bilmərəm. Sadəcə sevincliyəm. Fikrimdə var ki, yaxın gələcəkdə həm cənab Bryus Lav, həm də xanım Marite ilə bir də görüşüb, hər ikisindən peşəkar səhnənin sirləri haqqında məlumatlar alım", - müğənni deyib.

Tural Atayev xüsusi olaraq vurğuladı ki, Azərbaycanda müxtəlif layihələrə imza atmış prodüser Zaur Kamalın bilavasitə yaxından göstərdiyi köməkliyi əsasında, o, mötəbər festivalda iştirak etmək şansını qazanıb. Onun "Atlantic Breeze 2010" festivalında namizədliyi Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Gövhər Həsənzadə tərəfindən irəli sürülüb.

Onu da qeyd edək ki, Tural həm də bu il ilk dəfə keçirilən "Popstar Azərbaycan" mahnı müsabiqəsinin ən uğurlu iştirakçılarından biridir.

Xəbər lenti

Xəbər lenti