...

"Eurovision-2011" milli seçimlərinin finalında istedadımı tam olaraq göstərəcəyəm – İlhamə Qasımova

Mədəniyyət Materials 18 Yanvar 2011 16:20 (UTC +04:00)
"Eurovision-2011" milli seçimlərinin finalında istedadımı tam olaraq göstərəcəyəm – İlhamə Qasımova
"Eurovision-2011" milli seçimlərinin finalında istedadımı tam olaraq göstərəcəyəm – İlhamə  Qasımova

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir Ş.Cavadsoy/

Nəhayət ki, ötən gün tamaşaçıların böyük maraqla gözlədiyi "Eurovision-2011" Azərbaycan milli seçimlərində mübarizə aparacaq 5 iştirakçının adları açıqlandı. İlhamə Qasımova, İlqarə İbrahimova, Aynişan Quliyeva, Eldar Qasımov və Nigar Camal tamaşaçıların sms-ləri, eləcə də münsiflərin yekun qərarı nəticəsində finala vəsiqə qazandılar. Namizədlər arasında ən təcrübəli rəqiblərdən olan İlhamə Qasımova Trend Life-a açıqlamasında finala keçməsinə bu cür münasibət bildirdi. "Dünən səhhətimdə problem olduğundan özümü çox pis hiss edirdim. Hələ də yoluxduğum qripdən yaxa qurtara bilməmişəm. Nəinki jurnalistlər, tanıyıb-tanımadığımdan asılı olmayaraq onlarla insan zəng vurub təbrik edirdilər. Adətən müğənnilər doğum günlərində bu qədər təbrik yağışına tuş gəlirlər. Adıma açılmış sms nömrəsində minlərlə səslərin olmasını bilmək sadəcə məni şoka salmışdı. Açığı, gözləmirdim. Sevincimi görməkdən ötrü ancaq "Green room"da olmaq lazım idi. Səs faizlərinin açıqlandığı məqamda adımın birinci olduğunu görəndə elə ürəklə hoppandım ki, az qaldı başım tavana yapışsın (gülür). Təşəkkür edirəm mənə sms göndərib "Eurovision" milli seçimlərinin finalında mübarizəmi davam etdirməyə şans verən tamaşaçılara. Bilirəm ki, Azərbaycanın dörd bir yanından məni dəstəkləyən insanlar olub. Fikrimcə, tamaşaçılar sona qədər mənə inanmalıdırlar. Yəni boşuna bu mübarizəyə qatılmamışam. Özümü hazır hiss edirəm Avropanın mötəbər musiqi yarışmasının səhnəsində Vətənimi təmsil etməkdən ötrü. Çox peşəkar sənətkarların yer aldığı münsiflər heyətinə də xüsusi minnətdarlığımı bildirirəm ki, etimad göstərib finalda mübarizə aparmaq üçün məni dəstəklədilər", - İlhamə Qasımova dedi.

Final mərhələsinə də ciddi hazırlaşacağını diqqətə çatdıran müğənni olacaq hadisələri indidən qabaqlamağa tərəfdar çıxmadığını da oxucularımızla bölüşdü. "Hamı sual edir ki, tamaşaçı qarşısına çıxmaqdan ötrü nələr hazırlayıram. Əslində bundan sonrakı mərhələlər haqqında məlumat verə bilmərəm. Seçəcəyim repertuara gəldikdə isə fikrimcə, oxunmuş mahnılar üzərində hansısa şou qursam maraqlı olmayacaq. Əgər şou üçün ideya verən insan olsaydım, onda gərək müğənni yox, rejissor olardım. Bircə onu deyə bilərəm ki, finalda istedadımı tam olaraq göstərəcəyəm", - Qasımova əlavə etdi.

Xatırladaq ki, may ayında Almaniyanın Düsseldorf şəhərində sayca 56-cı dəfə keçiriləcək "Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək üçün təşkil olunan milli seçimlərin yarımfinalında 9 iştirakçı canlı yayımla nümayiş olunan konsertlərdə mübarizə aparmışdı. 14 yanvar tarixində sona çatan yarımfinal həyəcanının qalibləri finalda Azərbaycan adından sözügedən musiqi yarışmasında çıxış etmək uğrunda mübarizələrini davam etdirəcəklər. Sonuncu mərhələnin 3 fevral tarixində keçiriləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti