...

Bir ulduzun nağılı və ya 40-ı haqlayan Aygün Kazımovanı daha yaxından tanıyaq (FOTO)

Mədəniyyət Materials 26 Yanvar 2011 15:09 (UTC +04:00)
Bu gün Azərbaycanın xalq artisti, tanınmış estrada müğənnisi, pop-diva Aygün Kazımova özünün 40 illik yubileyini qeyd edir. Ən xoş gününü ikiqat sevinclə qarşılayan Aygün xanım, Trend-ə açıqlamasında 26 yanvar tarixinə təkcə doğum günü kimi baxmır.
Bir ulduzun nağılı və ya 40-ı haqlayan Aygün Kazımovanı daha yaxından tanıyaq (FOTO)

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir Ş.Cavadsoy/

Bu gün Azərbaycanın xalq artisti, tanınmış estrada müğənnisi, pop-diva Aygün Kazımova özünün 40 illik yubileyini qeyd edir. Ən xoş gününü ikiqat sevinclə qarşılayan Aygün xanım, Trend-ə açıqlamasında 26 yanvar tarixinə təkcə doğum günü kimi baxmır.

"Bilirsiz ki, qızım İlqarə "Eurovision-2011"-in milli seçimlərində mübarizəsini davam etdirir. Finalda qalib gəlmək üçün yarışan iştirakçıların "İctimai TV"də yayımlanan sonuncu canlı konsertlərində məhz bu gün qızımın konsert verəcəyi mənim üçün əsl hədiyyə oldu. Xoş təsadüflə üst-üstə düşən sevincli günümüzdə Məstan balama ancaq uğurlar arzulayıram. Təbrik zənglərinin isə sayı-hesabı yoxdur. Sevənlərimdən xoş sözlər eşitmək o qədər gözəldir ki... Diqqətinizə görə var olun!", - Aygun Kazımova dedi.

"Facebook" sosial şəbəkəsində sadiq fanatlarının onun üçün açdıqları "VİP" profilində yayımlanmış məlumatı diqqətinizə çatdırırıq. "Aygün hekayəti" adı verdiyimiz geniş və maraqlı ulduz nağılını həvəslə oxuyacağınıza əminik.

Kazımova Aygün Ələsgər qızı 26 yanvar 1971-ci ildə (qaban ili) Bakı şəhəri Nizami rayonu 1 nömrəli doğum evində (dolça bürcü altında) dünyaya gəlib. Ailənin dördüncü - sonuncu övladıdır. Dünyaya gəlməsi planlaşdırılmayan Aygün 7 aylığındaykən vaxtsız doğulub. Atası Ələsgər bəy heç doğum evinə Aygünü götürməyə belə, getməyib. Onu evə anası Fizzə xanım və nənəsi gətirib. İlk günlər acığından Aygünün üzünə belə, baxmayan atası bir gün ötəri olaraq körpəsinə baxır və həyəcan keçirir. Çünki körpə Aygünün Böyük Vətən Müharibəsinə gedib-qayıtmayan qardaşına çox bənzədiyini görür... Həmin gündən atası balaca Aygünü "əlinin içində" saxlamağa başlayır, onun bütün istəklərini yerinə yetirir və onu çox ərköyün böyüdür.

Balaca Aygün 1977-ci ildə 12 saylı məktəbin 1-ci sinfinə qədəm qoyur. Tezliklə o, bütün müəllimlərinin və sinif yoldaşlarının sevimlisinə çevrilir. Məktəbin ən vacib tədbirlərində Aygünün mahnılar ifa etməsi onu bu peşəyə daha da həvəsləndirir. Aygünün mahnı oxumasını anası Fizzə xanım istəməsə də, atası "hələ uşaqdır, qoy oxusun" deyirmiş.
8-ci sinifdə oxuyarkən atasını itirən məktəbli qızcığaz - Aygünün çox çətin anları başlayıb.
Hələ orta məktəbdə təhsil alarkən o, məktəbin həndbol üzrə yığma komandasının qapıçısı və kapitanı idi. Aygünün həndbol komandasında iştirakı yığmanın bir çox uğurlar qazanmasına səbəb olub. Aygünün komandadakı məharətli oyunu yığmanın bir çox yarışlardan alnıaçıq-üzüağ çıxmasına kömək olub. Lakin bu komandada sona qədər kapitanlıq etmək Aygünə qismət olmur. Ailə problemləri, sənət eşqi Aygünün idmandan ayrılmasına səbəb olur...
1986-cı ildə Mədəni Maarif Texnikumunda oxuyan Aygünün təhsili müəyyən səbəblərdən yarımçıq qalır. O dövrlərdə Aygün "Qaya" vokal instrumental ansamblının solisti olaraq fəaliyyət göstərir.
Uşaqkən ilk dəfə olaraq Xeyransa Məmmədovanın "Ana kür" mahnısı ilə müğənni olmağa qərar verən Aygün 1988-ci ildə "Bakı Payızı" müsabiqəsinə qatılmaqla böyük səhnəyə ilk addımını atır. "Yarım eşitsin məni" mahnısınıyla 1-ci yerə layiq görülən Aygün bu müsabiqədə bir çox böyük sənətkarların diqqətini özünə cəlb edə bilir.
Müsabiqənin redaktoru Mikayil Vəkilov Aygünü ilk dəfə dinləyərkən, "Bu qız kimdirsə, Xalq Artistidir" deyir. Müsabiqədən sonra onu artıq hamı tanımağa başlayır.
Müsabiqəyə qədər "Ozan" qrupunda və Azərbaycanın ən yaxşı bəstəkarlarından birisi olan Vaqif Gərayzadənin "Aypara" qrupunda solist kimi çalışan Aygün, sonradan fəaliyyətini Cavanşir Quliyev, Eldar Mansurov kimi böyük bəstəkarlarla davam etdirir. Aygünü AYGÜN edən, əsasən onun adları çəkilən üç müəllimi olub. Aygün müsahibələrində ən sevimli musiqi müəllimləri olaraq həmişə Vaqif Gərayzadə, Cavanşir Quliyev və Eldar Mansurovun adını fəxrlə, xüsusilə qeyd edir. Bu üç bəstəkarla Aygün böyük layihələr həyata keçirir, neçə-neçə musiqi şedevrlərinin, neçə-neçə super hitlərin ortaya çıxmasına nail olur. Aygünün ifasında səslənən hər bir mahnı tezliklə sevilir, tez yadda qalır, dillər əzbərinə çevrilir.
Dahi bəstəkar Tofiq Quliyevin müsahibələrində "Aygün Azərbaycan estrada musiqisi üçün əsl tapıntıdır" deməsi Aygünə qol-qanad verir və o, bütün çətinliklərə baxmayaraq, sənətdə, böyük səhnədə iri addımlarla irəliləyəcəyinə söz verir.
1989-cu ildə 24 dekabda gənclik sevgisi - keçmiş həyat yoldaşı İlqar İbrahimovla evdən qaçır. 1990-cı ilin 7 oktyabrında gözəl-göyçək körpə qızı İlqarə dünyaya gəlir. Çox qısa müddət sonra - 1991-ci ildə həyat yoldaşından ayrılır. Buna əsas səbəb isə, həyat yoldaşının Aygünə səhnəyə çıxmağa icazə verməməsi, tüfeyli həyat tərzi keçirməsi, Aygünü hər gün incitməsi olub.
1993-cü ildə, gənc Aygün növbəti həyat zərbəsini alır. O, anası Fizzə xanımı da itirir.
Ard-arda başına gələn çətinliklərə, aldığı zərbələrə baxmayaraq, Aygün 1989-cu ildə Yurmala da keçirilən musiqi müsabiqəsində, 1992-ci ildə "Asiyanın səsi", 1996 cı ildə "Türkvizyon" müsabiqələrində də Azərbaycanı layiqincə təmsil edir.
Başına gələnlərdən qurtuluş yolu kimi, Aygün növbəti evliliyə üz tutur. 1994-cü ildə Rza Quliyevlə ailə quran Aygün yenidən səhnədən uzaqlaşmalı olur. Sonradan bu evliliyi də Aygün xanıma xoşbəxtlik gətirmir...
1998-ci ilin Yeni il bayramında, Aygün uzun fasilədən sonra Dövlət Televiziyasının efirinə çıxır. Bəyaz geyimdə - həzin "Mavi dünyamsan" mahnısını ifa etməsi onun səhnəyə yenidən qayıdışı idi.
Amma 1998-ci ildə Aygünün həyat yoldaşı həbs olunur. Bununla da Aygünə növbəti həyat zərbəsi dəyir. Lakin ona da AYGÜN deyərlər! O, sınmır və həyat yollarında iri addımlarla önə gedir..
1998-ci ildə Aygünün "Gecələr keçir", "Vokaliz" mahnıları və bu mahnılara çəkilən klipləri böyük səs-sədaya səbəb olur. Ardınca onun yarımçılpaq şəkilləri mətbuatda yayımlanır və Aygün bununla özü haqqında daha da böyük söz-söhbətlərin yaranmasına səbəb olur. Bu layihələr Aygünün, "toxum"ları yeni-yeni səpilən Şou-biznesdə böyük partlayışla çıxışı idi. Həmin dövrlərdə onun haqqında danışılan bütün qeyri-etik söz-söhbətlərə Zeynəb Xanlarova son qoyur. Xalq Artistimizin efirdə "Aygünə hər şey yaraşır və biz onu belə qəbul eləmişik" deməsi Aygünə çox böyük dəstək olur.
1999-cu ilin 10 aprel tarixində, Heydər Əliyev adına sarayda onun ilk böyük - "Aygün - bir gün" adlı solo konserti baş tutdu və Aygün bununla daha da populyarlaşdı, sevildi. Onun haqqında gəzməyən şaiyə, deyilməyən söz yox idi. Amma, o haqqında daha çox söz-söhbət gəzməsi üçün, haqqında daha çox danışılması üçün əlindən gələni edirdi. Saçlarını hər dəfə bir rəngə, bir formaya salırdı, hər dəfə yeni bir imicdə, yeni bir geyimdə, yeni obrazlarla efirə çıxırdı. Bütün bunlara öyrəşən Azərbaycan publikası isə Aygünün hər çıxışda nə isə şok hərəkətlər edəcəyini əvvəlcədən bilir və bunu səbirsizliklə, maraqla gözləyirdi.
2000-ci ildə Heydər Əliyev adına sarayda "Ya devuşka vostoçnaya" adlı solo konserti onun Azərbaycanda ən aktual və ən sevilən insan olduğunun daha bir sübutuna çevrildi. Bu ildə ilin müğənnisi, ilin konserti "Aygün - bir gün", ilin hiti "Gecələr" Qrand milli mükafatına layiq görüldü.
Bu illərdə Aygün Kazımova 2 dəfə ilin müğənnisi, ilin konserti, 3 dəfə ilin ən hit mahnısı ("Gecələr keçir" , "Ya i tı" , "Şəklimi çək") nominasiyalarında Qrand milli mükafatına layiq görülür.
2001-ci ildə 2 il birlikdə olduğu sevgilisindən ayrıldıqdan sonra depressiyaya düşən Aygün bir daha sevənlərinə sözün həqiqi mənasında həyəcan yaşatdı. Sentyabrın əvvəlində Sankt-Peterburqa yola düşən Aygün çox böyük bir riskə əl atdı. 8 saatlıq plastik əməliyyat keçirdi. Bu əməliyyat Aygünün son nəfəsi bahasına başa gələ bilərdi... Ona görə də Aygün, Ülviyyə Könülün rejissorluğu ilə əməliyyat kadrlarının çəkilməsini və Xanım İsmayılqızının "Tez gəl" mahnısına çəkilən klip şəklində tamaşaçılara təqdim edilməsini vəsiyyət edir...

Çox keçmədən 2001-ci il 24 noyabr tarixində onun "Qeyri-adi şou - Şəklimi çək" adlı solo konserti Heydər Əliyev adına İdman Konsert Kompleksində baş tutdu. Konsertə 40 dərəcə qızdırmada çıxan Aygün əsl şounun nə demək olduğunu bir daha göstərdi və yenə də "nömrə 1" olduğunu təsdiqlədi.
2002-ci ildə "Best Model of the World" model yarışmasının prezidenti, türkiyəli iş adamı Erkan Özərmanın seçimi ilə "Best Model of Azerbaijan - 2002" müsabiqəsinə rəhbərlik edən Aygün bir neçə ay gündəmi məşğul etməyi bacardı. Türkiyəli model Mert Kılıc ilə "aşk yaşadığını" deyən Aygün müsabiqəyə böyük reytinq qazandırdı. Yarışma bitəndən sonra "Mert aşkı" da bitdi. Bu müsabiqəyə Türkiyədən və Rusiyadan qonaqlar da dəvət olunmuşdu. Həmin müsabiqə yüksək səviyyədə təşkil olduğuna görə 94 ölkə arasında birinci yerə layiq görüldü.

2002-ci il dekabrın 24-də Aygün "Azərbaycan Respublikasının Əməkdar Artisti" adına layiq görüldü. Bu adın qiyməti ondadır ki, bu ad dahi Heydər Əliyev imzası ilə verildi.
Əvvəlki illərə nisbətən, 2002-2003-cü illər Aygün üçün çox uğurlu illər hesab oluna bilər. Məhz bu illərdə Aygün tez-tez qardaş Türkiyəyə işgüzar və yaradıcılıq səfərləri edir, Türkiyə məşhurlarının verilişlərinə dəvət alır və hər dəvət aldığı verilişdə səviyyəli şəkildə Azərbaycan qızının da əsl şou göstərə bildiyini türk publikasına çatdırırdı.
2003-cü ildə "Vətən anadır", "Bir söz yetər" mahnılarına çəkdirdiyi kliplərində özünü rejissor kimi sınadı və kliplər çox uğurlu alındı.
2004-cü ildə meyxanaçı Namiq Qaraçuxurlu ilə "Sevdi ürək" adlı ilk dueti böyük marağa səbəb oldu. Daha sonralar bir çox duetlər ifa edən cütlük ayrı-ayrılqda da fəaliyyətlərini davam etdirirlər.
2005-ci ildə "Məşədi İbad-94" filmində xarakterinə uyğun Sənəm obrazını canlandırdı. Həmin ildə Arif Qaziyevin çəkdiyi "Xarı bülbüllər" filmində yaratdığı Xan qızı Natəvan obrazıyla aktrisa kimi, bəstələdiyi "Sevərsənmi", "Bir gün" mahnıları ilə bəstəkar kimi də özünü sınamış oldu.
2006-cı ilin 26 yanvarında, Moskvanın böyük Kreml sarayında verdiyi möhtəşəm konserti ilə 35 illik yubileyini xarici həmvətənləri ilə qeyd etmiş oldu. Məşhur və sevilən rus müğənnisi Filip Kirkorovla duet ifa etməsi və Filip Kirkorovun səhnədə Aygünün qarşısında diz çökərək Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan qızı Aygünə öz eşqini bildirməsi Əməkdar Artistimizin növbəti uğuru idi.
2006-cı ilin 3 may tarixində nəhayət ki, Heydər Əliyev adına sarayda "Xarı bülbüllər" filminin təqdimatı keçirilir. Təqdimat mərasimində əvvəlcə film tamaşaçılara nümayiş etdirilir, muğam ifaçıları və sonda Aygün xanım "Azərbaycan" mahnısını ifa edir.
2006-cı ilin 24 noyabr tarixində, ikinci dəfə Aygün xanımın təşkilatçılığı ilə "Best Model of Azerbaijan - 2006" model müsabiqəsi keçirilir. Bu dəfəki yarışmaya da xaricdən fəxri qonaqlar dəvət olunur, onlar yüksək səviyyədə qarşılanır və təbii ki, Aygün xanımın simasında Azərbaycan qonaqpərvərliyinin bir daha şahidi olurlar. Yarışmanın nəticəsində seçilmiş qalib cütlük həmişəki kimi Türkiyəyə - Azərbaycanı təmsil etmək üçün göndərilmiş, ad qazanıb Vətənə qayıdıblar.
2007-ci ilin 20 iyun tarixində Azərbaycanda Xalq Artistimiz Zeynəb Xanlarovadan sonra böyük məsuliyyəti öz üzərinə götürərək Tofiq Bəhrəmov adına Respublika stadionunda verdiyi "Öpsən" adlı konserti də müğənninin növbəti hay-küylü layihəsi oldu.
Azərbaycanın ən məşhur, ən sevilən, ən rəğbət bəslənilən müğənnisi qazandığı bütün uğurlara görə ilk öncə Allaha, sonra müəllimləri Vaqif Gərayzadə, Eldar Mansurov, Cavanşir Quliyevə və etdiyi hər bir addımı qiymətləndirdiyi, layiqincə dəyərləndirdiyi, dəstəklədiyi üçün pərəstişkar - fanat ordusuna borclu olduğunu bildirir...

Aygün xanımın ümumilikdə 10 albomu, 34-dən artıq klipi işıq üzü görüb. Bir neçə xarici ölkədə və Vətəndə konsert layihələri ilə çıxışları olub:

1999 - 10 aprel - Heydər Əliyev adına saray - "Aygün, bir gün - Gecələr"
2000 - Heydər Əliyev adına saray - "Ya devuşka Vostoçnaya"
2001 - Heydər Əliyev adına saray - "Aygün & Mustafa Sandal"
2001 - 23 noyabr - Heydər Əliyev adına İdman Konsert Kompleksi - "Qeyri-adi şou - Şəklimi çək"
2002 - 5 aprel - Heydər Əliyev adına saray - "Aygün & Lolita - Jenskie istorii"
2002 - 5 may - Heydər Əliyev adına saray - "Gələrsiz-görərsiz"
2003 - 24 may - Heydər Əliyev adına saray "Aygün & Nez - Stereo effekt"
2005 - 28 may - Rusiya - Novosibirsk - "Ya devuşka Vostoçnaya"
2006 - 26 yanvar - Moskva - Kreml - "Ya devuşka Vostoçnaya - 20 il səhnədə"
2007 - 20 iyun - Tofiq Bəhramov adına Respublika stadionu - "Öpsən"

Aygün xanımın sevdiyi rənglər : Firuzəyi, narıncı, ağ.
Yeməklər : Azərbaycan mətbəxi - dovğa, plov, şəki pitisi, qutab və s.

Ətir : Dolce & Gabanna, NARCISO RODRIGEZ
Bəstəkarlar : Cavanşir Quliyev, Vaqif Gərayzadə, Eldar Mansurov.

Aygün Azərbaycan estradası tarixində gündəmi uzun müddətdir əlində saxlamağı bacaran ən səs-küylü müğənnidir. Aygün bütün Azərbaycan xalqının sevimlisidir. Vaxtaşırı bir çox hərəkətləri düzgün anlaşılmasa da, zaman keçdikcə qəbul olunub. İndi də bir çox hərəkətləri səs-küyə səbəb olsa da, sonradan qəbul edilir. Hamı Aygünü dəcəl, şıltaq qız obrazında görür, belə də qəbul edir. Bir vaxtlar Azərbaycanda yeganə kanal olan AzTV-də efirlərə buraxılmayan Aygünün mümkün olan bütün tele-radio layihələrin ilk və ya təntənəli xüsusi buraxılışlarının fəxri qonağı, dövlət tədbirlərinin ən gözlənilən siması olması da təsadüfi deyildir. Bir çox layihələr Aygünün adı və ya iştirakı ilə həyata keçirilir. Azərbaycan şou-biznesi ilə bağlı hazırlanan bütün verilişlər demək olar ki, Aygün Kazımova ilə bağlı süjetlərin üzərində qurulur. Geyindiyi hər bir geyimi dəbə mindirən, sürdüyü hər bir avtomobili qadınlara sevdirən Aygün Kazımovadır. Məhz onun etdiyi bir çox hərəkətlər Azərbaycanda bir müddət sonra demək olar ki, əksər qızların hərəkətinə çevrilir. Çünki Azərbaycanda faktiki olaraq ən reytinqli, ən çox maraq doğuran və sevilən sənətçi - Aygün Kazımovadır.
O, başına gələnlərlə "Həyat qadını" obrazını istəmədən "oynayan", həyat zərbələrinə mərd-mərdanə sinə gərən birisidir, o, Şərq qızıdır, o, Azərbaycanda şounu biznesə çevirən, şou-biznesin əsasını qoyanlardandır, o, Azərbaycan respubliksının "nömrə 1" Xalq Artistidir, o, ən cavan korifeyimizdir, o, "canlı əfsanəmiz"dir, o, sadəcə adı gələndə hamının diqqətini çəkən Aygündür...

Xəbər lenti

Xəbər lenti