...

Qarmon ifaçısı Gülbahar Şükürlünün Nazpəri Dostəliyevanın doğma bacısı olduğu məlum oldu (FOTO)

Mədəniyyət Materials 17 Fevral 2011 19:07 (UTC +04:00)
Qarmon ifaçısı Gülbahar Şükürlünün Nazpəri Dostəliyevanın doğma bacısı olduğu məlum oldu
Qarmon ifaçısı Gülbahar Şükürlünün Nazpəri Dostəliyevanın doğma bacısı olduğu məlum oldu (FOTO)

Azərbaycan, Bakı, 17 f evral /Trend, müxbir Ş.Cavadsoy/

Azərbaycanın əməkdar artisti, tanınmış qarmon ifaçısı Gülbahar Şükürlü "Könül sındırmışam" mahnısına çəkdirdiyi klipinin və ifa etdiyi bütün mahnılarının yer aldığı "Azərbaycan" adlı diskini təmtəraqlı şəkildə onu sevənlərə təqdim etdi. Azərbaycanın xalq artisti Ramiz Mirişlinin bəstəsi olan "Könül sındırmışam" adlı mahnını özünəməxsus şəkildə ifa edən Gülbahar xanım klipi ekranlaşdırmağı rejissor Pərviz Əzimzadəyə həvalə edib. Ekran işində diqqətçəkən odur ki, klipdə Gülbahar xanımın tərəf müqabili məhz Ramiz Mirişlinin özü olub.

"Ramiz müəllim kimi canlı korifeylə eyni klipdə çəkilmək mənim üçün sözlə deyilə bilməyən bir xoşbəxtlikdir. Düzdür, klipdə çəkilmək təklifini Ramiz müəllim təəccüblə qarşılasa da, sonda təklifimi müsbət cavablandırdı. İnanıram ki, rejissor Pərvizlə çəkdiyimiz zəhmət boşa getmədi və biz Ramiz Mirişli bəstəsini layiqincə ekranlaşdırmağa müvəffəq olduq", - Gülbahar Şükürlü dedi.

Trend-ə açıqlamasında qarmon ifaçısını çox da "şıltaq" sənətçi hesab etməyən Pərviz, yaxın keçmişdə qalan çəkiliş prosesinin gedişatından danışdı. "Gülbahar xanımla işbirliyinə qoşulmaq çox xoş oldu. Ekran işini tez bir zamanda ərsəyə gətirsək də, gördüyümüz işdən xeyli məmnunam. Əsas odur ki, Gülbahar xanım "kapriz" göstərməkdənsə, işin gedişatında yaradıcı heyətə yaxından kömək etdi. Və sonda tamaşaçılara keyfiyyətli məhsul təqdim etməyin öhdəsindən gəldik", - Pərviz Əzimzadə dedi.

"Azərbaycan" adlı diskə gəldikdə isə 31 musiqinin daxil edildiyi kompakt disk yerli səsyazma studiyalarının birində hazırlanıb. Oqtay Kazımov, Məmmədbağır Bağırzadə, Cahangir Cahangirov, Ramiz Mirişlinin və Gülbahar xanımın öz bəstələrinin, eləcə də digər bəstəkarların və xalq rəqslərinin yer aldığı diskin vətənimizin adını daşıması da təsadüfdən seçilməyib. Trend-ə danışan əməkdar artist bunu Azərbaycanımıza bağlı olması ilə əlaqələndirdi. "Ürəyim musiqi ilə döyünür. Və hesab edirəm ki, bu döyüntü Vətənimi sevməyimdən qaynaqlanır. Mən Azərbaycandan başqa heç bir ölkədə yaradıcı işlə məşğul ola bilmərəm", - Gülbahar xanım əlavə etdi.

Əməkdar artistin sevincini bölüşməkdən ötrü Azərbaycanın tanınmış incəsənət xadimləri, ziyalılar təşrif buyurmuşdu. Başda Ramiz Mirişli olmaqla, qonaqlar arasında xalq artistləri - Nazpəri Dostəliyeva, Səkinə İsmayılova, əməkdar artist Gülüstan Əliyev, Almaz Ələsgərova, əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, rejissor Şeyx Əbdül Mahmudbəyov, müğənnilər - qarmon ifaçısının yaxın dostlarından biri, həmkarı Elşən Dadaşov və doğma bacısı İlhamə Məmmədova, Rahidə Baxışova, Leyla Ramazanlı, rəqqasə Fatimə Fətəliyeva, modelyer Gülnarə Xəlilova çıxışları zamanı Gülbahar xanıma uğurlar arzuladılar.

"Space TV"nin siması hesab edilən Lətafət Ələkbərovanın aparıcılığı ilə davam edən təqdimat mərasimində bütün diqqətlər isə Nazpəri xanıma yönəlmişdi. Trend-ə danışan Nazpəri xanım səmimiyyətlə etiraf etdi ki, o, illərdən bəri qarmon ifaçısını özünə doğma bacı bilir. "Fəxr edirəm ki, sənət dünyasında özümə Gülbahar kimi bacı qazanmışam. Çox istedadlı bir musiqiçidir. Onun sevincli günündə yanında olmaya bilməzdim. Bacımın uğuru mənim uğurumdur. Barmaqları qızıl olan Gülbahara həmişə belə zirvələrdə olmağı arzulayıram", - Nazpəri xanım dedi.

Çağdaş musiqi sənətində keyfiyyət göstəricisi hesab edilən xalq artisti təbdirin sonuna qədər qonaqlarının ona olan xüsusi rəğbəti ilə seçilirdi. Xalq artistinin məharətlə muğam ifa etməsi gecəyə başqa bir rəng qatdı.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti